Tovuzda narkotiklərə, məişət zorakılığına və kibercinayətkarlığa qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib
Tovuz Rayon İcra Hakimiyyətinin, Tovuz Rayon Prokurorluğunun və Tovuz Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Təmiz gələcək – Narkotikə yox de” adlı proqram çərçivəsində narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, məişət zorakılığı və kibercinayətkarlıqla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi Tovuz Dövlət Sosial-İqtisad Kollecinin tələbələrinin maarifləndirilməsi, onların zərərli vərdişlərdən qorunması və hüquqi biliklərinin artırılması olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tovuz Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Hüseyn Hüseynov tədbiri açıq elan edərək bildirib ki, gənclərin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təbliği və hüquqi maarifləndirmə istiqamətində belə tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, narkotiklərlə mübarizə, məişət zorakılığının qarşısının alınması və kibertəhlükəsizlik məsələləri cəmiyyət üçün aktual olmaqla yanaşı, dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O, bu sahədə aidiyyəti qurumların birgə fəaliyyətinin vacibliyini vurğulayaraq gəncləri hüquqi biliklərini artırmağa, zərərli təsirlərdən uzaq durmağa çağırıb.
Sonra Tovuz rayon prokurorunun köməkçisi Emin Zeynallı və Tovuz Rayon Polis Şöbəsinin rəis müavini Niyaməddin Əlihəsənov çıxış edərək narkotik maddələrin qanunsuz dövriyyəsinin cəmiyyət üçün yaratdığı təhlükələrdən, bu sahədə aparılan mübarizə tədbirlərindən ətraflı bəhs ediblər. Bildirilib ki, narkotiklərin yayılması yalnız fərdi sağlamlığa deyil, həm də ictimai təhlükəsizliyə ciddi təhdid yaradır. Eyni zamanda məişət zorakılığının hüquqi məsuliyyəti və qarşısının alınması yolları barədə məlumat verilib, vətəndaşların hüquqlarının qorunmasının vacibliyi diqqətə çatdırılıb.Çıxışlarda həmçinin kibercinayətkarlığın müasir dövrdə sürətlə yayıldığı qeyd olunaraq, internet istifadəçilərinin şəxsi məlumatlarının qorunması, təhlükəsiz rəqəmsal davranış qaydalarına riayət etməsinin önəmi vurğulanıb.
Tədbirin sonunda kibercinayətkarlıqla mübarizə mövzusuna həsr olunmuş qısa metrajlı film nümayiş etdirilib.






