Tovuzda “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə günü” ilə əlaqədar dəyirmi masa keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə günü” ilə əlaqədar dəyirmi masa keçirilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, Tovuz rayon Polis şöbəsinin rəisi Habil Əmiraslanov, Tovuz Rayon Prokurorluğunun böyük müstəntiqi Natiq Əmirov, aidiyyəti idarə, müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan RİH başçısının birinci müavini Rəşad Zeynalov bildirmişdir ki, Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gənclik yaratmaqdır. Azərbaycanın Dövlət siyasətinin mərkəzində hər zaman gənclərimiz və onların sağlam mühitdə yaşaması və təhsil alması məsələsi dayanmışdır. Ölkəmizdə narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi ilə dövlət səviyyəsində mübarizənin təməlləri də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən atılmışdır. Elə bunun məntiqi nəticəsidir ki, dahi rəhbər Heydər Əliyev Narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da müvafiq fərman imzalamış və problemin həlli üçün keçirilən tədbirlər ölkəmizdə kefiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Rəşad Zeynalov Tovuz Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası” və “Müsadirə edilmiş narkotik vasitələrin və onların prekursorlarının məhvetmə komissiyası”nın həyata keçirdiyi fəaliyyətlər ilə bağlı iştirakçıları məlumatlandırmışdır.
Daha sonra Tovuz RPŞ-nin rəisi Habil Əmiraslanov, Tovuz rayon Mərkəzi Xəstəxanasının Poliklinika Şöbəsinin həkim-psixatoru Sona Hüseynova, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev çıxış edərək narkomaniya və onun doğurduğu fəsadlar barədə əhalinin maarifləndirilməsi məqsədi ilə bağlı həyata keçirilməli olan tədbirləri diqqətə çatdırmışlar.