Tovuzda müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib
Tovuz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatı, Qazax-Tovuz Regional Təhsil İdarəsi və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilmişdir. Yarış Tovuz rayon Nizami adına Mədəniyyət Evində baş tutmuşdur.
Tədbirdən əvvəl iştirakçılar Tovuz şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək xatirəsini dərin ehtiramla yad etmişlər.
Daha sonra yarışın açılış mərasimi keçirilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir çərçivəsində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən “LA”rəsm kursunun şagirdləri yarış müddətində Ulu Öndər Heydər Əliyevin portretlərini əks etdirən rəsm işləri təqdim etmişlər.
Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəisi Vüqar Dadaşov, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Səbuhi Xasməmmədov, eləcə də digər rəsmi şəxslər iştirak etmişlər.
Yarışda ümumilikdə 21 komanda üzrə 105 nəfər müəllim iştirak etmişdir. İlk raundda iştirakçılara 20 sual ünvanlanmış, nəticələrə əsasən 8 komanda yarımfinal mərhələsinə vəsiqə qazanmış, yarımfinal mərhələsinin yekununda isə 4 komanda finala yüksəlmişdir.
Final mərhələsi “Xəmsə” televiziya oyununun formatına uyğun şəkildə təşkil olunmuşdur.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən I yerə Tovuz rayonu İsmayıl Mürşüdov adına Aşağı Quşçu kənd tam orta ümumtəhsil məktəbinin “Alpaqut” komandası, II yerə Tovuz rayonu Məmmədqara Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta ümumtəhsil məktəbinin “Flaqman” komandası, III yerə isə Tovuz rayonu Habil Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta ümumtəhsil məktəbinin "Qaliblər" komandası layiq görülmüşdür.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və kuboklarla təltif edilmiş, tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilmişdir.






