Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans işə başlayıb

06 sentyabr 2023 | 16:59

Tovuz Gənclər evində üç gün davam edəcək konfransda din sahəsində mövcud olan problemlər, dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər, həmçinin qarşıda duran vəzifələr müzakirə olunur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Tovuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə idarə və təşkilatların rəhbər şəxslərinin iştirak etdikləri tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, xatirəsi ehtiramla anılıb. Daha sonra Tovuz Gənclər evində kitab sərgisi ilə tanış olunub.

Tədbir ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” adlı sənədli film nümayiş olunub.

Tədbiri Tovuz Rayon  İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov açaraq bildirmişdir ki, milli-mənəvi dəyərlərimizin bərpasının, dövlət-din münasibətlərinin formalaşdırılmasının xüsusi əhəmiyyəti vardır.  Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi onun rəhbərliyi altında xalqımızın dini-mənəvi dəyərlərinin qorunması, inkişaf etdirilməsi sahəsində həyata keçirilən uğurlu siyasət Azərbaycanda multikulturalizm və tolerantlığın təbliği istiqamətində mühüm rol oynamışdır. Bu uzaqgörən kursun məntiqi davamı olaraq cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir. Xüsusilə, böyük tarixə malik dini məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi milli-mənəvi dəyərlərimizə olan böyük xidmətdir.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, Azərbaycanın ən yeni tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin şahidiyik. Ümummilli Lider xalqımızın gələcəyə gedən yolunu azərbaycançılıq ideologiyası əsasında böyük uzaqgörənliklə müəyyən etmişdir. Onun sözlərinə görə, milli-mənəvi, dini dəyərlərimizə qayıdışın Azərbaycan xalqı üçün gərəkliliyini nəzərə alan Ümummilli Liderimiz bu sahədə əvəzsiz işlər görmüşdür. DQİDK sədrinin  müavini onu da vurğulayıb ki, hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm addımlar atırlar.

YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov və Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı İlham Süleymanov çıxışlarında vurğulayıblar ki, Azərbaycanın bütün bölgələri kimi, Tovuz  rayonu da hər bir sahədə özünün müasir inkişaf dövrünü yaşayır. Rayonda bütün vətəndaşlara adət-ənənələri və dini ayinlərinin icrası üçün lazımi şərait yaradılıb.

Keçidlər