Tovuzda “Milli Qurtuluşun Hüquqi Təməlləri və Qanunçuluq” mövzusunda konfrans keçirilib
Tovuz rayonunda “Milli Qurtuluşun Hüquqi Təməlləri və Qanunçuluq” mövzusunda konfrans keçirilib.
Tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.
Konfrans Nizami adına Mədəniyyət Evində davam etdirilib. Əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən rəsm sərgisi ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransda Azərbaycan Respublikası Baş Prokurorluğunun məsul əməkdaşları, Tovuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı, hüquq-mühafizə orqanlarının nümayəndələri, Müdafiə Nazirliyinin, Ombudsman Aparatının, Yeni Azərbaycan Partiyasının təmsilçiləri, ağsaqqallar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımov Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyində sabitliyin təmin olunması, hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi və qanunun aliliyinin bərqərar olunması baxımından tarixi əhəmiyyət daşıdığını qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hüquq sistemində aparılan islahatların bu gün də davamlı inkişafın əsasını təşkil etdiyini vurğulayıb.
Milli Məclisin deputatı Nizami Səfərov isə çıxışında bu tarixi mərhələnin müasir Azərbaycan dövlətçiliyinin hüquqi-siyasi əsaslarının formalaşmasında həlledici rol oynadığını, konstitusion inkişafın və qanunvericilik sisteminin güclənməsinə şərait yaratdığını qeyd edib.
Sonra Tovuz rayon prokuroru Marif Hüseynov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov və Azərbaycanın Milli Qəhrəmanı Qasım Rzayevin qardaşı, Tovuz rayon sakini Valeh Rzayev çıxış edərək Milli Qurtuluşun hüquqi dövlət quruculuğu, milli həmrəylik və qanunçuluğun möhkəmləndirilməsində əvəzsiz rolunu vurğulayıblar.
Daha sonra Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov konfransın Milli Qurtuluşun hüquqi əsaslarının və qanunçuluğun təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayaraq natiqlərə təşəkkürünü bildirib. RİH başçısı qeyd edib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmaqla ölkəmizi xaos və parçalanma təhlükəsindən xilas edib, qanunun aliliyinin və sabitliyin bərqərar olmasını təmin edib. O, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Məmməd Məmmədov ölkədə həyata keçirilən hüquqi islahatların regionların inkişafına mühüm töhfə verdiyini, Tovuz rayonunda qanunçuluğun təmin olunması istiqamətində prokurorluq orqanları ilə səmərəli əməkdaşlığın davam etdirildiyini bildirib. Rayon rəhbəri, tədbir iştirakçılarını qarşıdan gələn Milli Qurtuluş Günü münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, eləcə də onun müəyyən etdiyi quruculuq və şəhərsalma siyasətinə həsr olunmuş “Qurulan gələcək” sənədli filmi nümayiş etdirilib.
Sonda xatirə şəkli çəkdirilib.






