Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Milli Qəhrəman İlqar Mirzəyev haqqında çəkilmiş “Artilleriyanın atası” sənədli filmin təqdimatı keçirilib

28 sentyabr 2022 | 10:52

2020-ci ilin iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutub. Döyüşlərin üçüncü günündə düşmənin təxribat xarakterli hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun polkovnik İlqar Mirzəyev şəhid olub.

27 sentyabr 2022-ci il tarixində Tovuz rayon Abulbəyli kənd Folklor Mədəniyyət evində Tovuz rayon İcra Hakimiyyəti və Ağstafa Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Azərbaycan Respublikası Milli Qəhrəman İlqar Mirzəyev haqqında çəkilmiş “Artilleriyanın atası” sənədli filminin təqdimatı olub.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdiri Təranə Bayramova, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filmdən öncə Tovuz rayon Xalq teatrının 27 Sentyabr - Anım Günü ilə bağlı təqdim etdiyi  "Bu həsrətə son qoyaq" adlı ədəbi-bədii kompozisiya tamaşaçılara dərin, təsirli anlar yaşadıb.

Tədbirin davamında filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə çıxış edərək bildirib ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında 2010-cu ildən başlayaraq “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən sənədli filmlər çəkilir. İndiyədək bu silsilədən 100-dən artıq film lentə alınıb.

K.Musazadə bildirdi ki, İlqar Mirzəyevin keçdiyi döyüş yolu bir rejissor kimi onu çox heyrətləndirib: “Onu da qeyd edim ki, İlqar Mirzəyev Aprel döyüşlərində göstərdiyi şücaətdən sonra döyüşçü dostları ona “Artilleriyanın atası” ləqəbini veriblər. Buna görə də şəhidimizin bu ləqəbi filmin adı olaraq seçildi. Mənim üçün şəhid qəhrəmanlarımızdan əziz, dəyərli bir mövzu yoxdur. Çünki onlar ərazi bütövlüyümüz uğrunda öz həyatlarını fəda elədilər. Bizim də missiyamız onların qəhrəmanlıqlarını gələcək nəsillərə ötürməkdir”.

Çıxışdan sonra “Artilleriyanın atası” sənədli filmi nümayiş etdirilib.

Keçidlər