Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Milli Mətbuatın 150 illiyi qeyd olunub

22 iyul 2025 | 11:12

Tovuz Rayon İcra Hakimiyyətinin akt zalında 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Yeni Azərbaycan Partiyası Tovuz Rayon Təşkilatının sədri Nihad Pənahov, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov ölkə mediasının, xüsusilə də bölgələrdə fəaliyyət göstərən jurnalistlərin cəmiyyətdə informasiya mübadiləsinin təmin olunmasında, ictimai rəyin formalaşdırılmasında, həmçinin dövlət siyasətinin düzgün və obyektiv işıqlandırılmasında əhəmiyyətli rol oynadığını vurğulamışdır. O, çıxışında bildirmişdir ki, Azərbaycan mətbuatı keçdiyi tarixi yol ərzində böyük inkişaf yolu qət etmiş, bu gün müasir informasiya texnologiyaları fonunda daim yenilənən, peşəkarlıq prinsiplərinə əsaslanan bir sahəyə çevrilmişdir.Ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə və ardıcıl həyata keçirilməsi ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilmişdir. Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır.
Sonra Yeni Azərbaycan Partiyası Tovuz Rayon Təşkilatının sədri Nihad Pənahov çıxış edərək, mətbuatın tarixi inkişafından və Ümummilli Lider Heydər Əliyevin mətbuata göstərdiyi yüksək diqqət və qayğıdan bəhs etmiş, bu siyasi kursun bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir. Nihad Pənahov eyni zamanda media ilə dövlət qurumları arasında səmərəli əməkdaşlığın vacibliyinə toxunaraq, bu sahədə qarşılıqlı etimad və əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulamışdır.

Daha sonra mətbuat nümayəndələrinə Tovuz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.

Media nümayəndələri Azərbaycan milli mətbuatının yaranmasının dövlət səviyyəsində qeyd edilməsini, ölkə Prezidenti cənab İlham Əliyevin mətbuat nümayəndələrinin əməyinə verilən qiymətin bariz nümunəsi olduğunu bildiriblər.

 

Keçidlər