Tovuzda Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib
Tovuzda Milli Mətbuatın 147-ci ildönümü münasibətilə bir qrup media nümayəndələri ilə görüş keçirilib. Görüşdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, RİH başçısı aparatının məsul əməkdaşları, mətbuat nümayəndələri iştirak ediblər.
Məmməd Məmmədov 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, mətbuatımızın müstəqillik dövründəki fəaliyyətində danışan icra başçısı ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərini xüsusilə vurğulayaraq ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələrinin mühüm rol oynadığını qeyd edib.
M.Məmmədov Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən söz açaraq o dövrdə də kütləvi informasiya vasitələrinin nümayəndələrinin fədakarlıqlarından danışaraq bir daha mətbuat işçilərini peşə bayramları münasibətilə təbrik edib, məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Sonra mətbuat nümayəndələrinə Tovuz rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.
Media nümayəndələri Azərbaycan milli mətbuatının yaranmasının dövlət səviyyəsində qeyd edilməsi, ölkə Prezidenti cənab İlham Əliyevin mətbuat nümayəndələrinin əməyinə verilən qiymətin bariz nümunəsi olduğunu bildiriblər.