Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib

14 iyun 2023 | 19:34

Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində 15 iyun – Milli Qurtuluş günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib.

Nizami adına Mədəniyyət evində keçirilən tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının professoru, filologiya elmləri doktoru Asif Rüstəmli, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi ziyarət olunub və önünə gül dəstələri qoyulub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan olunub.

RİH başçısı Məmməd Məmmədov çıxış edərək 15 iyun – Milli Qurtuluş gününün tarixi əhəmiyyətini vurğulamış, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün həyata keçirdiyi misilsiz xidmətlərindən bəhs edərək qeyd etmişdir ki, əgər 1993-cü il iyunun 15-də xalqın istəyi və tələbi ilə dövrümüzün müdrik və qətiyyətli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik. Bu qayıdış Azərbaycanın müstəqilliyini dünya müstəvisində reallığa çevirdi. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə milli birliyin təmin edildiyi günü xalq öz xilaskarının şərəfinə Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş Günü kimi yazmışdır.

Ümummilli liderin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun zənginləşdirilməklə  yüksək səviyyədə davam etdirilir və ölkəmizi daim qələbələrə qovuşdurur.  Artıq Azərbaycan cəmiyyətində və bütün dünyada Prezident İlham Əliyevin intellektual-yaradıcı lider obrazı formalaşmış və möhkəmlənmişdir. Prezident İlham Əliyevin innovativ-islahatçı lider kimi tanınması, müstəsna təşkilatçılığı sayəsində son illərdə qazanılmış miqyaslı nailiyyətlər bariz şəkildə ümummilli lider Heydər Əliyevin irsinə, dövlətçilik ideallarına sadiqliyinin parlaq təcəssümü olmaqla hər bir azərbaycanlının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hisslərini daha da möhkəmləndirmişdir.

Bütün bunlar Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir. Bu gün Heydər Əliyev irsi, ideyaları, inkişaf strategiyası Azərbaycanın tərəqqisi yolunda sönməz məşəl kimi yanmaqda, onun əziz xatirəsi isə hər bir azərbaycanlının qəlbində yaşamaqdadır.

Daha sonra Professor Asif Rüstəmli,  YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Peşə Liseyinin müdiri Nicat Göyüşov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri Əli Əliyev və Qasım Rzayev adına Hacıalılı kənd tam orta məktəbinin direktoru Mehriban Rüstəmova çıxış edərək, 1990-cı illərin əvvəllərində ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən Heydər Əliyevin Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün həyata keçirdiyi ictimai-siyasi sabitlik, qanunçuluq, hüquq qaydasının təmin edilməsi kimi təxirəsalınmaz tədbirlər barədə iştirakçıları məlumatlandırmışlar. Ulu Öndər Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətinin Azərbaycan dövlətçiliyini xilas etməsi və Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtarması olduğu vurğulanmışdır.

Keçidlər