Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirilib

11 dekabr 2025 | 15:29

Tovuzda məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirilib. Təlimdə Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy Rayon İcra Hakimiyyəti başçıları yanında fəaliyyət göstərən Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının üzvləri iştirak ediblər.

Açılış nitqi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək məişət zorakılığı ilə bağlı son dövrlərdə görülən işlərdən, cəmiyyətin bu məsələyə daha həssas yanaşmasından və zorakılığa qarşı mübarizənin önəmindən danışdı. O, həmçinin qeyd etdi ki, bu sahədə həyata keçirilən tədbirlər və qanunvericilikdə edilən dəyişikliklər, məişət zorakılığına qarşı mübarizənin effektivliyini artırmağa yönəlmişdir.

Sonra Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun rəhbəri Təranə Bayramova təqdimatla çıxış edərək bildirmişdir ki, Tovuz rayonu, Azərbaycan Respublikasının qərb hissəsində yerləşən, tarixi və mədəniyyətləri ilə zəngin bir ərazidir. Rayon həm də kənd təsərrüfatı, turizm və təbii sərvətləri ilə diqqət çəkir. Son illər, Tovuzda infrastruktura, təhsil və səhiyyə sahələrində mühüm irəliləyişlər əldə edilib. Bu inkişaflar cəmiyyətimizin hər sahədə daha güclü olmasına və sosial problemlərlə daha effektiv mübarizə aparmasına şərait yaradır. Lakin biz yaxşı başa düşürük ki, sosial rifah yalnız iqtisadi inkişafla deyil, həm də insanların sosial və psixoloji vəziyyəti ilə bağlıdır. Bu baxımdan, məişət zorakılığına qarşı mübarizə Tovuzda yalnız hüquqi bir məsələ kimi deyil, həm də sosial məsuliyyət olaraq qəbul edilir. Rayonumuzda məişət zorakılığı ilə mübarizədə görülən tədbirlər, bu məsələyə cəmiyyətin diqqətini çəkmək və problemin həlli istiqamətində addımlar atmaq baxımından böyük əhəmiyyət daşıyır. Bizim bu tədbirdəki əsas məqsədimiz, Tovuz rayonunda bu məsələnin həlli istiqamətində atılan addımları daha da genişləndirmək, gələcəkdə həyata keçirəcəyimiz tədbirləri daha da effektivləşdirməkdir.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması üzrə sektorun baş məsləhətçisi Rahil Süleymanzadə qanunvericilikdə məişət zorakılığı ilə bağlı edilən dəyişikliklər barədə məlumat verib. O, son zamanlar həyata keçirilən hüquqi islahatların, zorakılığa məruz qalan şəxslərin hüquqlarını qorumağa yönəldildiyini və bu dəyişikliklərin tətbiqinin zəruriliyini açıqlayıb.

Tədbirin növbəti hissəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması üzrə sektor müdiri Vəfa Ələkbərova çıxış edərək, “Məişət zorakılığının qarşısının alınması ilə bağlı Komitəyə daxil olan müraciətlər əsasında yerli icra hakimiyyəti orqanlarından daxil olan cavab məktublarının təhlili ilə bağlı məlumat verib. Vəfa Ələkbərova, müvafiq müraciətlərin təhlilinin göstərdiyini bildirib ki, məişət zorakılığına qarşı mübarizə sahəsində koordinasiya və əməkdaşlığın inkişaf etdirilməsi vacibdir.

Tədbirdə iştirak edən digər rayonların Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun üzvləri də çıxış edərək, öz rayonlarında həyata keçirilən tədbirlər və qarşıya qoyulan məqsədlər barədə məlumat veriblər. Son olaraq tədbir müzakirələrlə davam etdirilib və iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb.

 

Keçidlər