Tovuzda məhsul yığımı davam etdirilir
Qazax-Tovuz iqtisadi rayonuna daxil olan Tovuzda rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Respublika əhalisinin kənd təsərrüfatı məhsulları ilə təchiz olunmasında, ərzaq təhlükəsizliyinin təminatında tovuzluların özünəməxsus yeri var.
Rayon fermerləri əsasən aqrar sahənin innovativ metodlarla idarə olunmasına, suvarmanın mütərəqqi üsullarla həyata keçirilməsinə üstünlük verirlər. Son illərdə Prezident İlham Əliyevin tapşırığı ilə aqrar sahəyə göstərilən hərtərəfli dövlət qayğısı və dəstəyi nəticəsində bu sahədə sahibkarlıq inkişaf etmiş, yeni, müasir aqrar yönümlü müəssisələr fəaliyyətə başlamışdır. Nəticədə hər il kənd təsərrüfatı məhsulları istehsalında artım müşahidə olunur. Habelə bölgədə insanların işlə təminatında müsbət nəticələr əldə olunur.
Hazırda rayonda kartof, taxıl, üzüm və başqa məhsulların yığımının qızğın çağıdır. Cari ildə ötən ildəkinə nisbətən məhsul yığımı bir qədər gecikmişdir. Səbəb havaların əlverişsiz keçməsi, yağıntının fasiləsiz davam etməsidir. Buna baxmayaraq əldə olunan məhsuldarlıq fermerləri qane edir.
Tovuz rayon Statistika İdarəsinin rəisi Niyazi Tağıyevdən aldığımız məlumata görə 2023-cü ilin məhsulu üçün 26564.8 hektar sahədə əkin aparılmışdır. Əvvəlki illə müqayisədə 440.8 hektar (1.7 faiz çoxdur) əkin sahələrinin çoxalması ilə yanaşı rayonda bağçılıq və üzümçülük sahələri də genişlənmişdir. Növbəti illərdə də bu prosesin davam etdirilməsi nəzərdə tutulur.
Hazırda rayonda məhsul yığımının qızğın çağıdır. 01.08.2023-cü il tarixə 15,083 hektar taxıl sahəsinin 15,037 hektarında biçin aparılmış, sahələrdən 59512,2 ton məhsul götürülmüş, hər hektardan məhsuldarlıq 39.6 sentner olmuşdur.
Keçən ilin müvafiq dövrünə əsasən sahələrdən 1103.6 ton artıq məhsul götürülmüşdür. Eyni zamanda göstərilən tarixə 5271.2 hektar kartof əkilmiş sahənin 4782 hektarında yığım aparılmış, tarlalardan 136.055 ton məhsul götürülmüş, məhsuldarlıq hər hektardan 284.5 sentner olmuşdur.
Keçən ilin müvafiq dövrünə əsasən məhsuldarıq 8.0 sentner artmış, sahələrdən 3985 ton artıq məhsul götürülmüşdür.
Məhsul yığımı davam etdirilir.
Vəli VƏLİYEV,
«Respublika»