Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda "Konstitusiya və Suverenlik İli" çərçivəsində “Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib  

30 aprel 2025 | 17:53

Tovuz Rayon İcra Hakmiyyətinin, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının əsasını qoyub. Bu Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də Ulu Öndərin dövlət idarəçiliyi fəlsəfəsini özündə əks etdirən mühüm siyasi irsdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xətt uğurla davam etdirilir və Konstitusiyanın prinsipləri ölkənin inkişaf strategiyasının əsasını təşkil edir. 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildömünə təsadüf edir.Bu qərar müstəqil Azərbaycanın gücünün, xalqımızın birliyinin və həmrəyliyinin ifadəsidir. Xalqımızın  Ümummilli  Liderimiz Heydər Əliyev yoluna, bu yolu  uğurla və zamanın tələblərinə uyğunlaşdıraraq yüksək bacarıqla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevə inamı əbədidir, dönməzdir.

Daha sonra Tovuz rayon Ağsaqqallar Şurasının sədri Məzahir Bayramov, Tovuz rayon Prokurorunun müavini İlkin Musayev, YAP Tovuz rayon Təşkilatının sədr müavini İlqar Kərimov, “Tovuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktor müavini Kəmalə Abbasova və Tovuz Dövlət Sosial-İqtisad Kollecinin hüquq müəllimi Elnur Quliyev çıxışlarında qeyd etmişlər ki,   Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması olduqca mühüm, dərin məna daşıyan və dövlətçilik tariximiz üçün strateji əhəmiyyət kəsb edən hadisədir. Bu qərar yalnız tarixi mərhələlərin qeyd olunması yox, həm də milli yaddaşımızın təzələnməsi, hüquqi təfəkkürün möhkəmləndirilməsi və suverenliyimizin gələcək nəsillərə ötürülməsi istiqamətində atılmış mühüm addımdır. 2020-ci ilin sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsi xalqımızın həmrəyliyi, Ordumuzun qəhrəmanlığı və dövlət rəhbərliyinin qətiyyəti sayəsində şanlı Zəfərlə başa çatdı. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, tarixi ədalət və hüquq qalib gəldi. 2023-cü ilin sentyabrında aparılan antiterror tədbirləri isə suverenliyin tam şəkildə təmin olunması ilə nəticələndi. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması yalnız keçmişə ehtiram deyil, həm də gələcəyə çağırışdır. Bu il ərzində biz Konstitusiyamızın fəlsəfəsini, onun ictimai və hüquqi həyatımızdakı yerini daha dərindən anlamağa çalışmalı, suverenliyimizin dəyərini hər birimiz vətəndaş olaraq hiss etməliyik. Azərbaycan xalqı əmindir ki, bu dəyərlər əsasında qurulan dövlət hər zaman yaşayacaq, inkişaf edəcək və beynəlxalq aləmdə daha da güclənəcəkdir.

Keçidlər