Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda keçirilən “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans başa çatıb

08 sentyabr 2023 | 09:00

Tovuz Gənclər evində 06-08 sentyabr tarixlərində keçirilmiş  üç günlük regional konfrans bu gün yekunlaşıb. Konfransda din sahəsində mövcud olan problemlər, dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər, həmçinin qarşıda duran vəzifələr müzakirə olunub.

06 sentyabr tarixində işə başlayan konfrans 07 sentyabr tarixində Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, ictimaiyyət nümayəndələri, din xadimləri və ziyalıların iştirakı ilə davam etdirilmişdir. Həmin gün tədbir ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Rəşad Zeynalov rayonda dini durumun sabit olduğunu bildirərək qeyd edib ki, Azərbaycanın yüksəlişini gözü götürməyən kənar qüvvələr qlobal və regional hegemon dövlətlərin maraqlarına xidmət edən radikal və ekstremist ideologiyaları, qatı məzhəbçiliyi, yad mədəniyyətləri din adı altında ölkəmizdə yaymağa cəhd ediblər. Təəssüflə qeyd etməliyik ki, onlar müəyyən dırnaqarası uğurlara nail olmaqla yanaşı, daha da irəli gedərək, İslam dinini siyasi alətə çevirməkdən də çəkinməyiblər. Xarici dairələrin ölkəmizdə apardıqları dini təbliğatda əsas məqsədin Azərbaycanı zəiflətmək, parçalamaq, ən azından təsir altına salmaq olmuşdur. Ümummilli Liderin 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində dövlət-din münasibətlərində yeni mərhələ başlayıb, bu istiqamətdə qanunvericilik təkmilləşdirilib, inzibati idarəetmə mexanizmləri formalaşdırılıb, milli-mənəvi dəyərlərin qorunaraq gələcək nəslə ötürülməsi istiqamətində mühüm addımlar atılmışdır.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı respublikamızda dövlət-din münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu, həmçinin Azərbaycanda tolerant, multikultural mühitin hökm sürdüyünü bildirib. Dini fanatizm, radikalizm və ekstremizmə qarşı mübarizə tədbirlərindən də danışan DQİDK sədrinin birinci müavini din xadimlərinin bu istiqamətdə fəallıq nümayiş etdirməli olduqlarını diqqətə çatdırıb. Qeyd olunub ki, hər bir vətəndaş, həmçinin dindarlar qanunlara hörmətlə yanaşmalı, qanundan irəli gələn prinsiplərə riayət etməlidirlər. O da vurğulanıb ki, bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb, bu da Azərbaycanı tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına yüksəldir. Tovuz Rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi İdrak Tağıyev və Sovet Kazımov adına Qovlar şəhər tam orta  məktəbin müəllimi  Ramiz Abbasov çıxışlarında milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının vacib olduğunu qeyd ediblər. Çıxışlarda o da diqqətə çatdırılıb ki, bu dəyərlərin xalqımızın formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

08 sentyabr tarixində yalnız qadınlardan ibarət tərkibdə davam edən konfransı giriş sözü ilə açan  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət-din münasibətlərinin tənzimlənməsinin və inkişafının əsası qoyulub. Dini ibadət yerlərinin tikintisi, təmiri, tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması dövlətimizin bu sahədəki siyasətinin tərkib hissələrindəndir. Din siyasətini pozitiv dünyəviçilik əsasında quran Azərbaycan Prezidentinin həyata keçirdiyi daxili siyasət fundamental azadlıqlardan olan dini etiqad azadlığının qorunmasına, bütün dini icmalara bərabər imkanların yaradılmasına və ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinə yönəlibdir.

Sonra “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” adlı sənədli film nümayiş olunub.

Tovuz Rayon Qeydiyyat şöbəsinin rəisi Svetlana Verdiyeva, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz Təhsil Sektorunun müdiri Elmira Mürşüdlü çıxış edərək bildirmişlər ki, ölkəmizdə qadın problemləri daim dövlətin diqqətindədir. Buraya ölkəmizdə qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan imkanların daha da genişləndirilməsi istiqamətində müvafiq tədbirlər daxildir. Həmçinin qadınların maarifləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir. Dini maarifçilik işinin həyata keçirilməsi, xurafatla mübarizə, eyni zamanda cəmiyyətimizi narahat edən digər məsələlərin aradan qaldırılmasında qadınların özünəməxsus rolu vardır. Qadınların həyatda layiqli mövqe tutmasında onların təhsilinin əvəzolunmaz yeri vardır. Cəmiyyətin inkişaf prosesində tam iştirak etmək üçün lazım olan bilik, bacarıq və özünə inamı gücləndirməyin ən əhəmiyyətli vasitələrindən biri də təhsildir. Təhsil və müxtəlif elmi mövzularda qadınların özlərini inkişaf etdirmə azadlığı İslam dininin çox əhəmiyyət verdiyi məsələlərdəndir.

Beləliklə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyasının müvafiq qərarı ilə Tovuz rayonunda “Müasir çağrışlar və qarşıda duran əsas hədəflər” mövzusunda 06-08  sentyabr 2023-cü il tarixlərində keçirilən üç günlük regional konfrans müzakirələrlə yekunlaşıb.

Keçidlər