Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “İnsan hüquqlarının təbliği və hüquqi maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilib

18 iyun 2026 | 15:00

Tovuz rayonunda “İnsan hüquqlarının təbliği və hüquqi maarifləndirmənin əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Tofiq Əliyev bildirib ki, insan hüquq və azadlıqlarının qorunması Azərbaycan dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Qeyd olunub ki, bu sahədə mühüm hüquqi və institusional əsaslar Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılmış, 18 iyun 1998-ci il tarixində təsdiq edilən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” ölkədə insan hüquqlarının təmin olunması istiqamətində mühüm mərhələnin başlanğıcı olmuşdur. Vurğulanıb ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən hər il 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə hər il 18 may – 18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan edilir. Bu təşəbbüsün əsas məqsədi insan hüquq və azadlıqlarının təbliği, hüquqi maarifləndirmənin gücləndirilməsi, vətəndaşların hüquq mədəniyyətinin yüksəldilməsi və cəmiyyətdə insan hüquqlarına hörmət ənənələrinin daha da möhkəmləndirilməsidir.

Tədbirdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun  əməkdaşı Ülviyyə İsayeva, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri Xəqani Qasımov və Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin direktor vəzifələrini icra edən Fariz Bayramov  insan hüquqlarının qorunmasının demokratik cəmiyyətin əsas prinsiplərindən biri olduğunu qeyd edərək, hüquqi maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, vətəndaşların öz hüquq və vəzifələrini dərindən bilməsi hüquqi dövlət quruculuğunun mühüm şərtlərindəndir. Natiqlər insan hüquqlarının müdafiəsi sahəsində ölkəmizdə həyata keçirilən ardıcıl islahatların əhəmiyyətindən bəhs edərək, bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin cəmiyyət üçün xüsusi önəm daşıdığını diqqətə çatdırıblar.

Tədbir iştirakçıları tərəfindən mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, insan hüquqlarının müdafiəsi, ekoloji hüquqların təmin olunması, təhsil hüququnun reallaşdırılması və hüquqi maarifləndirmə sahəsində görülən işlər müzakirə olunub. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı təklif və rəylər dinlənilib.

 

 

 

 

Keçidlər