Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda İnsan Hüquqları Aylığı çərçivəsində “Ayrı-seçkiliyə mübarizənin beynəlxalq və ölkədaxili standartları” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib

14 iyun 2022 | 12:20

Tovuz rayon İcra Hakimiyyətinin və Ombudsmanın Gəncə regional mərkəzi birgə təşkilatçılığı, rayon gənclərinin, müxtəlif idarə və müəssisələrinin əməkdaşlarının iştirakı ilə Tovuz rayonu Heydər Əliyev Mərkəzinin akt zalında İnsan Hüquqları Aylığı çərçivəsində “Ayrı-seçkiliyə mübarizənin beynəlxalq və ölkədaxili standartları” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova cəmiyyətin bütövlüyünün qorunması və inkişafı baxımından ayrıseçkiliyə qarşı mübarizənin olduqca əhəmiyyətli bir faktor olduğunu qeyd edərək İnsan Hüquqları Aylığı çərçivəsində bu cür aktual mövzuda təşkil edilmiş hüquqi maarifləndirmə tədbirinə görə Ombudsman xanım Səbinə Əliyevaya dərin minnətdarlığını bildirdi.

Tədbirdə çıxış edən Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bu əlamətdar tarixi nəzərə alaraq, insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyininin zəruriliyini diqqətə çatdırmaq məqsədilə Müvəkkil xanım Səbinə Əliyevanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı” elan olunub.  Bu baxımdan Ombudsman təsisatı tərəfindən həyata keçirilən, ayrı-seçkiliyə yol verilməməsini təşviq edən, əhalinin müxtəlif qrupları üçün nəzərdə tutulmuş məlumatlandırma və maarifləndirmə tədbirləri müntəzəm olaraq davam etdirilir.

Səbuhi Abbasov tərəfindən tədbir iştirakçılarına ayrı-seçkiliyin hüquqi xarakteri, birbaşa və dolayı ayrıseçkiliyin anlayışı, ayrı-seçkiliklə mübarizə sahəsində mövcud olan BMT, Avropa Şurası və Avropa Birliyi standartları, həmçinin Azərbaycan Respublikasının bu sahədə olan qanunvericilik aktları, Azərbaycan Ombudsman təsisatının bu sahədə təcrübəsi barədə ətraflı məlumatlar verərək  iştirakçıları maraqlandıran sualları cavablandırdı.

Tədbirdə həmçinin mövzu ilə bağlı Tovuz rayonu Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova da çıxış etdi.

Keçidlər