Tovuzda inklüziv veloyürüş həyata keçirilib.
“Tovuz – Gənclər Paytaxtı 2022” və "Biz Birik - İnklüziv və sağlam həyat" layihəsi çərçivəsində əlilliyi olan gənclər və qazilərin iştirakı ilə Tovuzda inklüziv veloyürüş həyata keçirilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə, Tovuz Gənclər və İdman İdarəsinin və Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyini təşkilatçılığı ilə baş tutan yürüşdə bir qismi Vətən müharibəsi qazisi və ümumi səbəblərdən əlilliyi olan 40-dan çox gənc iştirak edib.
Layihənin əsas məqsədi əlilliyi olan gənclərin para-velosiped idman növünə cəlb edilməsi vasitəsilə onların cəmiyyətə inteqrasiyasına, özünəinam hisslərinin artırılmasına, şəxsi inkişafının və psixoloji vəziyyətlərinin bərpa olunmasına, sağlam həyat tərzinin təbliği ilə bağlı biliklərinin artırılmasına töhfə vermək və reabilitasiyalarına şərait yaratmaqdan ibarətdir.
Finiş nöqtəsində yürüş iştirakçılarını təntənə ilə qarşılayan Tovuz Olipmiya İdman Kompleksində fəaliyyət göstərən idmançılar daha sonra vətənpərvər musiqilər sədasında öz idman çıxışlarını təqdim ediblər.
Layihə iştirakçıları və qonaqlar çıxış edərək layihənin əhəmiyyətindən danışıb, layihənin “Tovuz – Gənclər Paytaxtı 2022” çərçivəsində Tovuz rayonunda keçirilməsini alqışlayaraq təşkilatçılara təşəkkürlərini bildiriblər.