Tovuzda “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq Tovuz şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi vəzifəsinin icra edən, polkovnik-leytenant Xalid Abasov, hərbi mütəxəssislər, müharibə iştirakçıları, məktəblərin hərbi rəhbərləri və çağırış yaşlı gənclər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan RİH başçısının birinci müavini Rəşad Zeynalov bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda ordu quruculuğu sahəsi daha da sürətləndi, həyata keçirilən tədbirlər Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə gətirib çıxardı. Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi siyasət nəticəsində isə Azərbaycan dövləti Vətən müharibəsində Zəfər çaldı və ərazi bütövlüyünü təmin etdi.
Daha sonra çıxış edənlər –Xalid Abasov, Tovuz rayonunda yerləşən N saylı hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi Elsevər Hüseynov, Vətən müharibəsi iştirakçısı, Silahlı qüvvələrimizin ehtiyyatda olan mayoru Emin Vəliyev, Vətən müharibəsi iştirakçısı, Bozalqanlı kənd Yusif Sadıqov adına tam orta məktəbin hərbi rəhbəri, Nahid Hacıyev və gənc çağırışçı, Azaflı kənd tam orta məktəbin şagirdi Eminov Emil Faiq oğlu qeyd ediblər ki, Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanması və böyük qüvvəyə çevrilməsi məsələsində mühüm və həlledici rol oynamışdır. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir və öz döyüş qabiliyyətini artırır.