Tovuzda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda tədbir keçirilib
Tovuz rayonunda “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar silsilə tədbirlər keçirilir. Həmin tədbirlərin davamı olaraq Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami adına mədəniyyət evində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda tədbir keçirilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Arzu Nağıyev, Aydın Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri, elmlər doktoru, professor Mais Əmrahov, rayon ağsaqqalları, ziyalılar, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi ziyarət olunub və önünə gül dəstələri qoyulub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan olunub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar onun həyatından, misilsiz xidmətlərindən və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
RİH başçısı Məmməd Məmmədov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin tarixi missiyasının təntənəsi fonunda qabarıq təzahür edən cəhətlərdən biri də onun Azərbaycanın intibahının əsasını qoyduğunu bildirmişdir. Heydər Əliyev fenomenal uzaqgörənliklə respublikamızın həm mənəvi-iqtisadi mühitinin, həm də insan resurslarının müstəqilliyə hazırlanması istiqamətlərində məqsədyönlü, düşünülmüş siyasətindən bəhs etmişdir.
Sonra Milli Məclisin deputatları Arzu Nağıyev, Aydın Hüseynov və professor Mais Əmrahov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin fədakar əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarının yaradılmasından, respublikamızın dünya məkanında öz layiqli yerini tutmasından, Ulu Öndərin hakimiyyətdə olduğu dövrdə ölkəmizin bütün sahələrində baş vermiş müsbət dəyişikliklərdən danışıblar.
Tədbirin sonunda məktəblilər arasında keçirilən “Mən fəxr edirəm ki Azərbaycanlıyam!” inşa müsabiqəsinin qalibləri Tovuz Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələrilə təltif olunublar.