Tovuzda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir keçirilib
Tovuz rayonunda “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar silsilə tədbirlər keçirilir. Həmin tədbirlərin davamı olaraq Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami adına mədəniyyət evində “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Respublikasının Əməkdar Elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Aynur İbrahimova, Bakı Dövlət Universitetinin Ümumi və tarixi geologiya kafedrasının müdiri, professor Nazim İmamverdiyev, rayon ağsaqqalları, ziyalılar, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi ziyarət olunmuş və önünə gül dəstələri düzülmüşdür. Tədbir iştirakçıları Mədəniyyət evinin foyesində Ümummilli Liderin rəsm işlərindən ibarət rəsm sərgisinə və həyat-fəaliyyətindən bəhs edən kitabların nümayiş olunduğu kitab sərgisinə baxış keçirmişlər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan olunub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar onun həyatından, misilsiz xidmətlərindən və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
RİH başçısı Məmməd Məmmədov çıxış edərək siyasi liderliklə milli liderliyi özündə birləşdirən unikal şəxsiyyət Heydər Əliyevin azərbaycançılıq məfkurəsindən bəhs etmiş, Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsində, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsində dahi şəxsiyyətin tarixi xidmətlərini vurğulamışdır.
Daha sonra çıxış edənlər – professor Qəzənfər Paşayev, fəlsəfə doktoru Aynur İbrahimova, professor Nazim İmamverdiyev, şair-pedoqoq İsa Cavadoğlu və millət vəkili Qənirə Paşayeva Ulu Öndər Heydər Əliyevin birinci və ikinci hakimiyyəti dövründə ölkəmiz üçün həyata keçirdiyi misilsiz xidmətlərdən, ölkədə təhsil, səhiyyə, iqtisadiyyat və digər sahələrin inkişafı üçün yaradılan şəraitdən, milliyyətçilik və azərbaycançılıq ideologiyasının inkişafı üçün Ümumilli Liderin rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən danışmış və Heydər Əliyev ilə bağlı xatirələrini diqqətə çatdırmışlar.