Tovuzda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib
2023-cü “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən silsilə tədbirlərin davamı olaraq Tovuz rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri və məktəblərdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən müəllimlər iştirak ediblər.
RİH başçısı Məmməd Məmmədov çıxış edərək bildirmişdir ki, “Heydər Əliyev ili” və Ulu Öndərin 100 illik yubiley tədbirləri çərçivəsində ilin əvvəlindən rayonumuzda müxtəlif səpkili tədbir keçirilmişdir. Bu tədbirlər Ümummilli Liderimiz Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və onun gənc nəslə çatdırılması məqsədləri daşıyır. Bu günkü tədbirimiz “Heydər Əliyev və Azərbaycan dili” mövzusuna həsr olunub. Prezident Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən hər il avqustun biri respublikamızda “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd edilir. Hər bir xalqın dili, bayrağı, gerbi, himni onun üçün müqəddəsdir. Dil millətin simasını fərqləndirən amillərdən biri, bəlkə də birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Bu mənada, dilimizin dövlət dili statusu qazanması, həqiqətən qürur gətirən tarixi hadisədir.Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə məhz Heydər Əliyevə minnətdar olmalıyıq. Ümummilli lider dilimizin qorunması və inkişafı sahəsində misilsiz xidmətlər göstərmişdir.Böyük inamla və qətiyyətlə qeyd edə bilərik ki, Ulu Öndər Heydər Əliyev bütün sahələrdə, eləcə də dilimizlə bağlı apardığı ideoloji mübarizə bu gün daha parlaq şəkildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra Tovuz Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Məzahir Bayramov “Heydər Əliyev və natiqlik sənəti”, N.Sadıqov adına Alakol kənd tam orta məktəbin direktoru Qədir Qasımov “Heydər Əliyev və Azərbaycanda dil siyasəti”, Yanıqlı kənd 2 saylı tam orta məktəbin müəllimi Leyla Quliyeva “Azərbaycan dili milli varlığımız və milli sərvətimizdir”, Tovuz Dövlət Sosial İqtisadi Kollecin müəllimi Nuridə Hacıyeva “Dilimiz və müstəqilliyimiz” mövzularında çıxış ediblər.