Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Heydər Əliyev – Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirildi

18 iyul 2025 | 18:01

Tovuzda “Konstitusiya və Suverenlik ili”çərçivəsində “Heydər Əliyev – Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir təşkil olunub.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə Tovuz Rayon Təhsil Sektorunun müdiri Aysel Quliyeva açaraq, Ümummilli Lider Heydər Əliyevin hüquqi dövlət quruculuğundakı müstəsna xidmətlərini diqqətə çatdırıb.

Sonra Tovuz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Tofiq Əliyev çıxış edərək bildirmişdir ki, tarixdə elə şəxsiyyətlər olur ki, onların fəaliyyəti xalqın, dövlətin inkişaf yolunu müəyyən edir, qoyduqları irs isə gələcək nəsillər üçün dövlətçilik ənənələrinin yaşamasında inkişafın istiqamətini formalaşdırır. Azərbaycan dövlətçiliyinin tarixində Ümummilli Liderlik zirvəsinə ucalan məhz Heydər Əliyev olub. Azərbaycan tarixinin bütöv bir mərhələsi böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.Milli Məclisin 1995-ci il 2 may tarixli 1048 saylı qərarı ilə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq olundu. Konstitusiya Komissiyasının tərkibinə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının nümayəndələri ilə yanaşı, tanınmış ictimai-siyasi və elm xadimləri, görkəmli hüquqşünaslar, tarixçilər, dilçilər daxil edilmişdi. Ümummilli Lider Heydər Əliyev Komissiyanın fəaliyyəti zamanı Əsas Qanunun layihəsinə dair öz dəyərli tövsiyələrini verib, Konstitusiyanın hər bir müddəasını şəxsən nəzərdən keçirib, Konstitusiya layihəsinin açıq müzakirələrini təşkil etməklə onun ən yetkin formada qəbulunu təmin etmək üçün gərgin əmək sərf edib.Yeni Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olmaqla 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edildi, 1995-ci il noyabrın 27-də isə qüvvəyə mindi.

Tədbirdə çıxış edərək Dondar Quşçu kənd tam orta məktəbinin tarix müəllimi Tural Qasımov və İsakənd kənd tam orta məktəbinin coğrafiya müəllimi Eyvaz Süleymanov qeyd etmişlər ki, ilk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən, hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlanıb. 1995-ci ildə Əsas Qanunun qəbul edilməsi müstəqillik tariximizin ən vacib hadisələrindən biri olmaqla yanaşı, dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir. Yeni Konstitusiyanın qəbulu eyni zamanda, ölkəmizin inkişafının prinsipcə tamamilə yeni mərhələyə qədəm qoymasının göstəricisi olmaqla, müstəqillik illərində əldə olunan nailiyyətlərin hüquqi fundamenti qismində çıxış edib.

Sonda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Keçidlər