Tovuzda “Gəncləri Qoruyaq: Erkən nikaha, məişət zorakılığına və dini radikalizmə qarşı birlikdə mübarizə aparaq” mövzusunda tədbir keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində A.Qasımov adına Tovuz şəhər tam orta ümumtəhsil məktəbində “Gəncləri Qoruyaq: Erkən nikaha, məişət zorakılığına və dini radikalizmə qarşı birlikdə mübarizə aparaq” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Tovuz rayon üzrə təhsil sektorunun müdiri Aysel Quliyeva, mövzunun təhsil sistemi və məktəblə əlaqəsinə toxunaraq bildirmişdir ki, bu cür məsələlərin erkən yaşlarda düzgün izah olunması və şagirdlərdə maarifləndirmə işlərinin aparılması son dərəcə vacibdir. O qeyd ki, təhsil yalnız elmi bilik verməkdən ibarət deyil, eyni zamanda sağlam və təhlükəsiz cəmiyyətin formalaşmasında mühüm rol oynayır. Məktəblər gənclərin düzgün düşüncə tərzinin, dəyərlərinin və məsuliyyət hissinin formalaşdığı əsas məkanlardır. Bu baxımdan, məişət zorakılığına, erkən nikaha və dini radikalizmə qarşı mübarizədə təhsil müəssisələrinin rolu böyükdür.
Tədbirdə çıxış edən Tovuz rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Ceyhun Əliyev, Tovuz rayon Polis Şöbəsinin əməkdaşı İlham Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin məsləhətçisi Eşqin Allahverənov və A.Qasımov adına Tovuz şəhər tam orta ümumtəhsil məktəbinin direktoru İlhamə Əliyeva öz sahələri üzrə mövzuya dair dəyərli fikirlər səsləndirmiş, müzakirələrin əhatəli və maarifləndirici xarakter almasına töhfə vermişlər. Qeyd etmişdirlər ki, məişət zorakılığı, erkən nikah və dini radikalizm cəmiyyətin sabitliyini, ailə institutunu və gənclərin gələcəyini təhdid edən ciddi sosial problemlərdir və onların qarşısının alınması üçün hərtərəfli mübarizə və güclü ictimai həmrəylik tələb olunur. Bu problemlərlə mübarizədə təhsil müəssisələri, hüquq-mühafizə orqanları, dini icmalar, valideynlər və qeyri-hökumət təşkilatları arasında sıx əməkdaşlıq mühüm rol oynayır. Məktəblər təkcə bilik verən yer deyil, həm də gənclərin dünyagörüşünü, dəyərlərini formalaşdıran əsas sosial institutdur. Ona görə də məktəblərdə bu mövzularda davamlı təlimlərin, maarifləndirici tədbirlərin keçirilməsi vacib hesab olunur.
Tədbirin sonunda Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova yekun nitq ilə çıxış edərək bildirmişdir ki, bu gün burada toplaşaraq gənclərimizi cəmiyyətin təhlükəli təsirlərindən necə qoruya biləcəyimizi müzakirə etdik. Tədbirin məqsədi sadəcə problemləri göstərmək deyil, eyni zamanda onların həlli yollarını axtarmaq, maarifləndirməni gücləndirmək və ictimai məsuliyyəti artırmaqdır. Məişət zorakılığı, erkən nikah və dini radikalizm kimi çağırışlara yalnız birlikdə – valideynlər, müəllimlər, hüquq-mühafizə orqanları, dini qurumlar və ən önəmlisi gənclərin özlərinin iştirakı ilə qalib gələ bilərik. Erkən nikahlar gənclərin gələcəyinə vurulan zərbədir. Bu cür hallar onların inkişaf imkanlarını məhdudlaşdırır və gələcəkdə daha böyük sosial problemlərə yol açır. Dini radikalizm isə xüsusilə gəncləri öz təsiri altına salaraq cəmiyyətin sabitliyinə zərbə vurur. Bu baxımdan dini savadlılığın artırılması, milli-mənəvi dəyərlərə bağlılıq və sağlam dini mühitin formalaşdırılması əsas hədəflərimiz olmalıdır. Gəncləri qorumaq – yalnız onların deyil, bütün cəmiyyətin gələcəyini qorumaq deməkdir. Bu baxımdan, bugünkü tədbirin hər bir iştirakçısına təşəkkürümü bildirirəm. Gəlin birlikdə zorakılığa, erkən nikaha və dini radikalizmə qarşı cəmiyyətimizi maarifləndirək, daha sağlam və təhlükəsiz gələcək quraq.






