Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda "Gənclər Narkomaniyaya Qarşı: Sağlam Gələcəyimiz Naminə" mövzusunda tədbir keçirilib

02 dekabr 2025 | 09:40
Tovuzda "Gənclər Narkomaniyaya Qarşı: Sağlam Gələcəyimiz Naminə" mövzusunda tədbir keçirilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, Tovuz rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik leytenantı Niyaməddin Əlihəsənov, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov bildirmişdir ki, müasir dövrümüzün ümumbəşəri bəlası olan narkomaniya son dərəcə təhlükəli, qlobal problemlər sırasında qalmaqdadır. BMT-nin hesablamalarına görə bu gün dünyada təxmini 250 milyona qədər insan narkotiklərdən bu və ya digər formada əziyyət çəkir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünyada “ağ ölüm” kimi tanınan bu bəşəri bəla ölkəmizdən də yan keçməmişdir və bu bəlaya dücar olanların sayı ildən-ilə artmaqdadır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün eyni təhlükəni yaradır. Bəlaya düçar olmuş insanlara cəmiyyətin hər bir təbəqəsində rast gəlmək olur və bu dəhşət doğuran, cəmiyyətimizin məhvinə yönələn xəstəliklə hər bir qurum öz sahəsində mübarizə aparmalıdır. İstər maarifləndirmə, istərsə də inzibati qaydada mütəmadi tədbirlər görülməlidir. Tovuz Rayon İcra Hakimiyyəti olaraq biz bu sahədə müxtəlif görüşlər təşkil edirik. Məqsədimiz təkcə məlumat vermək deyil, həm də gənclərə zərərli vərdişlərə qarşı daxili immunitet yaratmaqdır. Onlara göstərmək istəyirik ki, sağlamlıq, bilik və düzgün seçim hər şeydən üstündür.
Sonra Tovuz Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik leytenantı Niyaməddin Əlihəsənov, rayon səhiyyə işçiləri həmkarlar təşkilatının sədri Nəriman Şirinov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayon üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Yaşar Orucov və Y.Sadıqov adına Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbinin direktor müavini Ayşən Mehdizadə çıxış edərək bildirmişlər ki, narkomaniya ilə mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, bütün cəmiyyətin birgə səylərini tələb edir. Onlar bildiriblər ki, maarifləndirici tədbirlərin genişləndirilməsi, xüsusən də məktəblərdə və gənclər arasında preventiv işlərin gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Ailə nəzarətinin artması və gənclərin sağlam həyat tərzinə yönləndirilməsi bu bəlaya qarşı ən təsirli vasitələrdəndir. Eyni zamanda, müasir informasiya mühitində gənclərin düzgün istiqamətləndirilməsi və virtual risklərdən qorunması vacib amil kimi dəyərləndirilib. Narkomaniyanın qarşısının alınması üçün dövlət qurumları, təhsil müəssisələri və ictimai təşkilatlar arasında koordinasiyalı fəaliyyət davam etdirilməlidir.
Sonda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər