Tovuzda “Gələcəyin peşələri” mövzusunda təlim keçirilib
Tovuz Rayon İcra Hakimiyyətinin dəstəyi, Uşaq Səfirlər Məclisinin Tovuz rayonu üzrə region nümayəndəsi və fəal uşaqların təşəbbüsü ilə “Gələcəyin peşələri” mövzusunda təlim keçirilib.
Təlimdə Uşaq Səfirlər Məclisinin Tovuz rayonu üzrə region nümayəndələri və fəal uşaqlar iştirak ediblər.
Uşaq Səfirlər Məclisinin Tovuz region üzrə nümayəndəsi Əsmər Həsənzadə “Yeni yaranan ixtisaslar və peşələr” və Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin şagirdi Leyla Həsənov “Keçmişin və bu günün peşələri” mövzusunda ətraflı çıxış edərək bildirmişlər ki, Oksforddan olan araşdırmaçı-alimlərin fikrincə, yaxın 20 il ərzində hazırda mövcud olan peşələrin 47%-i sıradan çıxacaq. Dünyada olduqca sürətli dəyişikliklər baş verir. Hazırda yaşayan insanların əksəriyyəti ixtisaslarını dəyişməli, təkmilləşməli olacaq. Onlar hətta xarici görünüşlərinə belə, “korrektələr” etmək reallığı ilə üzləşəcəklər. Müasir texnologiyalar buna imkan verir. İnsanlar tək öz aralarında deyil, həmçinin robotlar və kompüterlərlə də rəqabətdə yaşayacaqlar. İş o yerə gəlib çıxacaq ki, insan yeni gerçəkliyə uyğunlaşmaq üçün həm zəkasını, həm məsuliyyət hissini, həm də ətrafda baş verənlərə reaksiyasını itiləşdirmək məcburiyyətində qalacaq. Hər bir əsr bəşər tarixində yeni kəşflər və imkanlarla yadda qalıb. XXI əsr nəinki istisna deyil, güman ki, bu yüzillik özünün sürətli yenilikləri və amansız rəqabəti ilə bəşər tarixinin ən miqyaslı çevriliş dövrü olacaq.
Uşaq Səfirlər Məclisinin Tovuz region üzrə nümayəndəsi Məmmədli Mirhəşim təlimi fəal uşaqlarla diskusiyası şəkilində davam etdirmişdir.