Tovuzda ev təsərrüfatlarının uçotu kitabının elektron qaydada aparılması ilə bağlı müşavirə keçirilib
Tovuz Rayon İcra Hakimiyyətinin inzibati binasında ev təsərrüfatlarının uçotu kitabının planşetlər vasitəsilə işlənməsi və məlumatların elektron qaydada toplanması istiqamətində görülməsi nəzərdə tutulan işlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, icra hakimiyyəti aparatının məsul şəxsləri, Tovuz Rayon Statistika İdarəsinin müdiri Niyazi Tağıyev və Tovuz DAİM-in direktoru Emin Eyvazov iştirak ediblər.
Müzakirələr zamanı ev təsərrüfatlarının uçotu kitabının düzgün və dəqiq aparılmasının əhəmiyyəti, məlumatların planşetlər vasitəsilə elektron sistemə daxil edilməsi, onların operativ və keyfiyyətli toplanmasının təmin olunması, eləcə də iş prosesində yarana biləcək məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, müasir texnologiyalardan istifadə uçot prosesinin daha səmərəli təşkilinə, məlumatların dəqiqliyinin artırılmasına və işin operativliyinin təmin edilməsinə imkan yaradır.
Sonda ev təsərrüfatlarının uçotu kitabının elektron qaydada düzgün və keyfiyyətlə aparılması, məlumatların vaxtında və dəqiq toplanması ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub, aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.






