Tovuzda “Erkən nikah və qohumlar arasında nikahın fəsadları” mövzusunda tədbir keçirilmişdir.
Tovuz rayonunun Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində Tovuz rayon İcra Hakimiyyəti başçısı yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın “Erkən nikah və qohumlar arasında nikahın fəsadları” mövzusunda tədbiri keçirilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Qazax-Tovuz Regional Təhsil idarəsinin Tovuz sektorunun müdiri Elmira Mürşüdlü,Tovuz RİH başçısı aparatının məsul işçiləri, Tovuz rayon Polis şöbəsinin əməkdaşları, məktəb psixoloqları, valideynlər və şagirdlər iştirak etmişlər.
Tədbir Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra açıq elan olunmuşdur.
RİH başçısının müavini, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın sədri Təranə Bayramova çıxış edərək ölkə rəhbərliyi tərəfindən yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsinə xüsusi diqqət ayrıldığını bildirmiş, erkən yaşda nikah və qohumlar arasında nikahın törətdiyi fəsadları diqqətə çatdırmış və məsələ ilə bağlı cəmiyyət olaraq mübarizə aparılmalı olduğunu qeyd etmişdir.
Rayon Təhsil Sektorunun müdiri Elmira Mürşüdlü, RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Svetlana Verdiyeva, Tovuz rayon Polis şöbəsinin əməkdaşı, polis mayoru İlham Məmmədov, həkim-hematoloq Gülər Quluzadə, Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin psixoloqu Günel Məmmədova çıxış edərək erkən nikah, qohumlararası nikahın hüququ çərçivəsi, həmin məsələlər ilə bağlı mübarizə üsulları, tibbi fəsadları, təhsil müəssisələrində aparılan maarifləndirici tədbirlər ilə əlaqədar iştirakçıları məlumatlandırmışlar.
Sonda erkən nikah və qohumlararasında nikah ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.