Tovuzda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə məşq keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Tovuz rayon ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.
Fövqəladə hadisələr zamanı ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyətinin yoxlanılması və təkmilləşdirilməsi məqsədilə keçirilən tədbirdə Tovuz rayon İcra Hakmiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rəşad Zeynalov, FHN-in Gəncə Regional Mərkəzinin Mülki Müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin müdiri mayor Fuad Muradov, FHN-in Gəncə Regional Mərkəzinin Mülki Müdafiəyə hazırlıq şöbəsinin rəis müavini mayor Bəhayi Nəsirov, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb olunub.
Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Sonda məşqin təhlili aparılaraq çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıqlar verilib.