Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Dövlət qulluqçularının peşə bayramı” qeyd olunub

23 iyun 2022 | 12:22

Bu gün “23 iyun – Dövlət Qulluqçularının peşə bayramı” əlaqədar rayon icra hakimiyyətinin inzibati binasında tədbir keçirilib. Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, müxtəlif idarələrdə çalışan dövlət qulluqçuları iştirak ediblər.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.

Tədbirdə çıxış edən Məmməd Məmmədov ölkəmizin idarəetmə sistemində mühüm və aparıcı rol oynayan dövlət qulluqçularını peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik etmiş və bildirmişdir ki, müasir cəmiyyətimizdə dövlət qulluğu dövlət siyasətinin, onun məqsəd və funksiyalarının reallaşmasında, dövlətçiliyimizin  möhkəmləndirilməsində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əsas mexanizm kimi çıxış edir.

İcra başçısı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz müdrik siyasəti ilə ölkəmizdə dövlət qulluğunun daim təkmilləşdirilməsi, kadr siyasətinin gücləndirilməsi, ən başlıcası dövlət qulluqçularının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlar atır.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı M.Məmmədov 22 iyun 2022-ci ildə ölkə Prezidentinin imzaladığı müvafiq Sərəncam ilə orden və medallarla təltif olunan dövlət qulluqçuları arasında iki nəfər tovuzlunun olmasını sevindirici hal olaraq qiymətləndirmiş, həmin şəxslər başda olmaqla bütün dövlət qulluqçularını bir daha səmimi qəlbdən təbrik etmiş, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirdikləri fəaliyyətlərində uğurlar arzulamışdır.

Sonda  dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə fərqlənən bəzi dövlət qulluqçularına Tovuz rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunmuşdur.

Keçidlər