Tovuzda “Azərbaycan Respublikasının Konstitusiyası: hüquqi dövlətin və milli suverenliyin əsasıdır” mövzusunda tədbir keçirilib
Tovuzda Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının 30 illik yubleyinə həsr olunmuş “Azərbaycan Respublikasının Konstitusiyası: hüquqi dövlətin və milli suverenliyin əsasıdır” mövzusunda tədbir keçirilib.
Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, üzərinə gül dəstələri düzüb və onun xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirmişdir ki, bu gün biz müstəqil Azərbaycan dövlətinin tarixində xüsusi əhəmiyyət daşıyan bir hadisəni –Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illik yubileyini qeyd edirik. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən “Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası” ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının möhkəm təməlini qoydu. Bu Konstitusiya təkcə hüquqi sənəd deyil, həm də Ulu Öndərin dövlət idarəçiliyi fəlsəfəsini, azərbaycançılıq ideyalarını və milli dövlətçilik konsepsiyasını özündə əks etdirən mühüm siyasi irsdir. Onun hər bir maddəsində müstəqilliyimizin qorunması, insan hüquq və azadlıqlarının təmin olunması, dövlət və cəmiyyət münasibətlərinin ədalət prinsipləri üzərində qurulması kimi ali məqsədlər əksini tapmışdır. Ümummilli Lider Heydər Əliyevin yaratdığı dövlətçilik təlimi və onun ayrılmaz hissəsi olan konstitusiya müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir.
Sonra məruzə nitqi ilə Tovuz Rayon Qeydiyyat Şöbəsinin rəisi Svetlana Verdiyeva, YAP Tovuz rayon Təşkilatının sədri Nihad Pənahov, Tovuz rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri vəzifəsini icra edən Hüseyn Hüseynov, Tovuz rayon üzrə təhsil sektorunun müdiri Aysel Quliyevaya, “Tovuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktor müavini Kəmalə Abbasova və Tovuz RİHB-nın Yanıqlı kənd İƏD üzrə nümayəndəsi Yaqub Qasımov çıxış edərək bildirmişlər ki, müstəqillik və suverenlik millətlərin sahib ola biləcəyi ən qiymətli sərvətdir. Hər bir millətin müstəqillik salnaməsi və suverenlik yolu məhz onun malik olduğu dövlətçilik ənənələrindən, azadlıq düşüncəsindən, milli-mənəvi irsindən, tarixi keçmişindən və intellektual potensialından asılı olaraq əldə edilir və yaşadılır. Azərbaycan xalqı tarixboyu müstəqillik uğrunda və öz suverenliyini qorumaq üçün müxtəlif mübarizələr aparmışdır. Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.






