Tovuzda Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib
Tovuzda “2 iyul Azərbaycan polisi günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Tovuz Rayon İcra Hakmiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov, hüquq mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları, veteran polislər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyularaq, xatirəsinin böyük ehtiramla yad edilməsi ilə başlamışdır. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və Rayon Ağsaqqallar Şurasının üzvü Mücaməddin Axundov çıxış edərək rayon polis şöbəsinin əməkdaşlarını təbrik etmiş, onlara çətin və çox şərəfli xidmətlərində uğurlar arzulamışlar.
RİH başçısı Məmməd Məmmədov bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev polis orqanlarında çalışan əməkdaşların nümunəvi xidmətlərini həmişə yüksək qiymətləndirmiş, 24 may 1998-ci il tarixli Fərmanı ilə “2 iyul Azərbaycan polisi günü”nü təsis etmişdir. Asayişin keşiyində ayıq-sayıq dayanan polis işçilərinə bu diqqət və qayğı bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir. Diqqət qayğınının nəticəsidir ki, Rayon Polis Şöbəsinin əməkdaşları ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizədə səmərəli fəaliyyət göstərərək sakinlərimizin hüquqlarının müdafiəsi sahəsində öz vəzifələrini layiqincə yerinə yetirirlər.
Sonra çıxış edən rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən daxili işlər orqanlarına və əməkdaşlarına göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirmişdir.
Tədbirin sonunda xidmətdə fərqləndiklərinə görə bir qrup polis əməkdaşına rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və uzun müddət polis orqanlarında səmərəli fəaliyyət göstərmiş veteran polislərə hədiyyələr təqdim olunmuşdur.
Sonda xatirə şəkili çəkilmişdir.






