Tovuzda Aşıq Əkbər Cəfərovun 90 illiyi və Aşıq Əlixan Niftəliyevin 80 illiyinə həsr olunmuş “Sənətə bağlı ömür” adlı yubiley tədbiri keçirilib
Tovuz rayon Nizami adına mədəniyyət evində Tovuz Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin, Azərbaycan Aşıqlar Birliyinin və Tovuz Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə Aşıq Əkbər Cəfərovun 90 illiyi və Aşıq Əlixan Niftəliyevin 80 illiyinə həsr olunmuş “Sənətə bağlı ömür” adlı yubiley tədbiri keçirilib.
Aşıq sənətinin təbliğində əhəmiyyətli rol oynayan Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı tədbiri idarə edib.
Tədbir açıq elan olunduqdan sonra Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək bildirmişdir ki, Aşıq sənəti bizim milli mədəniyyətimizin incisidir. Bu il 100 illik yubileyini qeyd etdiyimiz Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, o cümlədən aşıq sənətinə xüsusi diqqət yetirib. Heydər Əliyevin təməlini qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Cənab Prezidentin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 2019-cu ildə möhtərəm Prezidentimiz rayonumuzda aşıq sənəti muzeyinin tikintisi barədə Sərəncam imzalamış, 2020-ci ildə isə rayona səfəri çərçivəsində ölkəmizdə ilk və yeganə olan bu muzeyin açılışını etmişdir. Muzeyin istifadəyə verilməsi böyük mədəniyyət hadisəsi olmaqla aşıq sənətinin qorunması təbliği və inkişafına dövlət qayğısının əyani təcəssümüdür. Aşıq Əkbərin yaratmış olduğu böyük ifaçılıq məktəbi xüsusilə qeyd olunmalıdır. Bu məktəbdən bəhrələnənlərin, onun ləmsində oxuyanların miqyası çox-çox uzaqlara şaxələnib. Onlar bilavasitə aşıq Əkbərdən dərs almasalar da böyük ustadın sənəti onlarla gənclərə sirayət etmişdi. İndi də “Əkbər yolu” gedənlərin, onun sənətinə tapınanların sayı heç də az deyil. Bununla belə aşığın ustadlıq statusu həm də onun bilavasitə yetişdirdiyi şəyirdlərlə ölçülüb. Aşıq Əkbər ustadlar yetirən ustad idi. Onlardan biri də 80 illik yubileyini qeyd etdiyimiz aşıq Əlixan Niftəliyevdir. Bu gün aşıq Əkbər Cəfərovun və aşıq Əlixan Niftəliyevin yubileyinin keçirilməsindən böyük məmnunluq duyuruq.
Daha sonra Milli Məclisin deputatı Arzu Nağıyev, filalogiya elmlər doktoru, professor Qəzənfər Paşayev, Tovuz Xeyriyyə Cəmiyyətinin üzvü Vidadi Əhmədov, Aşıq Urfan Əli saz-söz sənətkarları Əkbər Cəfərovun və Əlixan Niftəliyevin Azərbaycan aşıq poeziyasına verdi töhvələrdən danışıblar.
Böyük maraqla qarşılanan yubiley tədbiri aşıqların ifası ilə davam edib.
Tədbirin sonunda rəssam Fərman Hüseynov aşıq Əkbər Cəfərovun portretini ailəsinə hədiyyə edib. Aşıqların ailə üzvləri aşıq sənətinə, mədəniyyətə, xalq yaradıcılığına və folklora verilən yüksək qiymətə görə ölkə Prezidentinə və birinci Viste-prezident Mehriban xanım Əliyevaya tədbirin belə yüksək səviyyədə keçirilməsinə görə dərin minnətdarlıqlarını bildiriblər.