Tovuzda "Aqroturizm və qonaqlama xidmətinin təşkili” mövzusunda təlim keçirilib
Bp-nin maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Tovuz rayonunda icma əsaslı aqroturizmin inkişafına dəstək” layihəsi çərçivəsində Tovuz rayonunda təsərrüfat sahiblərinin maarifləndirilməsi məqsədilə "Aqroturizm və qonaqlama xidmətinin təşkili” mövzusunda təlim keçirilib.
Üç gün davam edən təlimdə aqroturizm və qonaqlama xidməti göstərəcək 10-dan çox təsərrüfat subyektlərinin nümayəndələri iştirak edib. İştirakçılar “Aqroturizm, kənd turizmi, icma əsaslı turizm anlayışları”, “Aqroturizm fəaliyyətinin qurulması”, “Turizmdə marketinq fəaliyyəti” və digər mövzularda ətraflı məlumatlandırılıblar.
Qeyd edək ki, layihə Tovuz rayonunda aqroturizmin inkişafı və onun turistlər üçün cəlbediciliyinin artırılması, beynəlxalq təcrübəyə uyğun nümunəvi aqroturizm və qonaqlama xidməti göstərən təsərrüfat subyektlərinin yaradılması, müvafiq sahədə çalışan xidmət personalının bilik və bacarıqlarının artırılması, həmçinin regionda məşğulluq imkanlarının genişləndirilməsi məqsədi daşıyır.