Tovuzda Aqrar İnnovasiya Festivalı keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Aqrar İnnovasiya Festivalı çərçivəsində 26-cı toxum sərgi-satış yarmarkası Tovuz rayonunda keçirilib.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Samux, rayonlarının DAİM rəhbərləri və 1500 fermer, dövlət və özəl toxumçular, ictimaiyyətin nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirib ki, kənd təsərrüfatının bütün sahələrində olduğu kimi toxumçuluğun inkişafına mühüm diqqət yetirilir. Bu gün rayonda keçirilən toxum sərgi-satış yarmarkası rayon və ətraf bölgələrdən olan fermerlərə keyfiyyətli toxum almaq üçün böyük imkanlar yaradır. Çünki məhsuldarlığı artırmaq üçün fermerlər keyfiyyətli toxuma üstünlük verməlidirlər.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, bu gün toxum istehsalında müasir innovasiyalardan istifadə olunur, müxtəlif iqlim şəraitinə uyğun toxumlar yetişdirilir. Ən əsası fermerlərin sərbəst seçim etmək imkanı var, regionlarda keçirilən yarmarkalar belə imkanlardan biridir.
Festivalda aqrar sahədə fəaliyyət göstərən şirkətlərin, həmçinin nazirliyin və digər dövlət qurumlarının mütəxəssisləri tərəfindən fermerlər üçün aqrar sığorta, bitkiçilik və heyvandarlıq, dəqiq əkinçilik, “ağıllı” kənd təsərrüfatı sistemləri, ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələri, kənd təsərrüfatının inkişaf etdirilməsinə hədəflənən prioritet istiqamətlər barədə məlumatlar verilib.
Sonra aqrar sahədə innovativ məhsul, avadanlıq və texnologiyalar nümayiş etdirilib, toxum sərgi-satışı, kənd təsərrüfatı təyinatlı texnikalar, müasir suvarma metod və texnologiyaları, gübrə, pestisid nümunələri və aqrar sahəyə məxsus digər məhsullar sərgilənib. Fermerləri maraqlandıran suallar cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.