Tovuzda ali təhsil müəssisələrinə qəbul olmuş Şəhid övladları və qəbul imtahanında yüksək bal toplayan məzunlarla görüş keçirilib
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan məzunlarla görüşüb.
Görüşdə əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan məzunları əldə etdikləri uğurlar münasibətilə təbrik edib, onlara gələcək təhsil həyatlarında yeni nailiyyətlər arzulayıb.
RİH başçısı qeyd edib ki, gənclərin yüksək nəticələr əldə etməsi yalnız onların şəxsi zəhmətinin deyil, eyni zamanda müəllimlərin fədakar əməyinin, valideynlərin dəstəyinin və məktəb kollektivlərinin məqsədyönlü fəaliyyətinin mühüm göstəricisidir. Məzunların qazandığı hər bir uğurun Tovuz rayonunun təhsil sahəsində əldə etdiyi nailiyyətlər sırasında xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Məmməd Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğının ölkədə təhsilin inkişafına, gənclərin hərtərəfli formalaşmasına və onların intellektual potensialının reallaşdırılmasına mühüm imkanlar yaratdığını bildirib. Qeyd olunub ki, dövlət tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü təhsil siyasətinin nəticələri Tovuz rayonunda da özünü aydın şəkildə göstərir və hər il məzunların qəbul imtahanlarında nümayiş etdirdiyi yüksək nəticələr bunun bariz nümunəsidir.
Görüşdə şəhid ailələri də iştirak ediblər. Şəhid övladlarının bu il ali təhsil müəssisələrinə qəbul olunması tədbir iştirakçıları tərəfindən xüsusi qürur və fəxarət hissi ilə qeyd edilib. Bildirilib ki, Vətən uğrunda canından keçmiş qəhrəmanların övladlarının təhsildə qazandığı uğurlar böyük mənəvi əhəmiyyət daşıyır və onların əldə etdiyi hər bir nailiyyət dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının daim xüsusi əhəmiyyət daşıdığını bir daha nümayiş etdirir.
Daha sonra Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov çıxış edərək Tovuz rayonunda təhsil sahəsində əldə olunan nəticələr, məktəblərin uğurları və rayonun təhsil həyatında baş verən müsbət dəyişikliklər barədə məlumat verib. O, yüksək nəticə göstərən məzunları təbrik edərək onların uğurlarında əməyi olan müəllim və valideynlərə təşəkkürünü bildirib.
Daha sonra ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan məzunlara Tovuz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və pul mükafatları təqdim olunub.
Məzunlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, bundan sonra da təhsillərində yüksək nəticələr əldə etmək, gələcəkdə ölkənin inkişafına öz töhfələrini vermək üçün səylə çalışacaqlarını qeyd ediblər.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.






