Tovuzda Ali Məhkəmənin sədri vətəndaşları qəbul edib
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Tovuz rayonunda Tovuz, Ağstafa, Qazax və Gədəbəy, eləcə də digər rayonlardan olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Ali Məhkəmənin sədri Ramiz Rzayev və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsi ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsinə dərin ehtiram bildiriblər.
Ali Məhkəmənin sədri qəbula gələn hər bir vətəndaşın məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərini dinləyərək, qaldırılan məsələlərin araşdırılması və onların qanunauyğun şəkildə həll edilməsi üçün Ali Məhkəmə Aparatının qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar verib.
Bölgə sakinləri onların müraciətlərinə daim diqqət və həssaslıqla yanaşılmasına, bölgələrdə qəbulların keçirilməsi ilə bağlı yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.