Tovuzda Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü qeyd olunub
Tovuzda Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Akademik Zərifə Əliyevanın elmi irsi və cəmiyyətə töhfələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz Rayon Təşkilatının sədri Nihad Pənahov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, səhiyyə əməkdaşları, həkimlər, idarə və müəssisə rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Akademik Zərifə xanım Əliyevanın və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirib ki, Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamış, oftalmologiya sahəsində əldə etdiyi nailiyyətlərlə yadda qalmış görkəmli alimdir. Onun zəngin elmi irsi və mənalı həyat yolu bu gün də gənc nəsil üçün örnəkdir və ölkəmizdə səhiyyənin inkişafına xidmət edən möhkəm təməllərdən biridir.
Daha sonra “Tovuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Paşa Muradov, həmin tibb müəssisəsinin həkimi Aybəniz Dəmirova və Tovuz Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova çıxış edərək akademik Zərifə Əliyevanın elmi fəaliyyətindən, onun oftalmologiya sahəsindəki xidmətlərindən və Azərbaycan səhiyyəsinin inkişafına verdiyi töhfələrdən bəhs ediblər.
RİH başçısı yekun çıxış edərək bildirib ki, bu cür tədbirlər görkəmli alimlərin zəngin irsinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, Zərifə Əliyevanın elmi fəaliyyəti, yüksək mənəvi keyfiyyətləri və insanlara xidmət prinsipi bu gün də aktuallığını qoruyur və cəmiyyət üçün örnəkdir. Onun oftalmologiya sahəsində qazandığı uğurlar Azərbaycan səhiyyəsinin inkişafına mühüm töhfə verib. Vurğulanıb ki, ölkəmizdə səhiyyə sahəsində əldə olunan nailiyyətlər Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyasına əsaslanır və bu siyasət bu gün də uğurla davam etdirilir. Eyni zamanda rayonda səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində işlərin davam etdirildiyi diqqətə çatdırılıb.
Sonda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.






