Tovuzda 8 Noyabr Zəfər Günü münasibətilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı görüş keçirilib
8 Noyabr Zəfər Günü münasibətilə Tovuz rayonunun Düz Qırıqlı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbində “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı görüş keçirilib.
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Vətən müharibəsi əlilləri və məktəblilər iştirak ediblər.
Görüş Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirin açılışında çıxış edən Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov 8 Noyabr – Zəfər Gününün xalqımızın qəhrəmanlıq salnaməsində xüsusi yer tutduğunu bildirib. Qeyd edib ki, tarixi Qələbə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın sarsılmaz birliyi sayəsində əldə olunub. Vətən müharibəsində canlarını fəda edən şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyini, qazilərimizin qəhrəmanlıq yolunun isə gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb.
Daha sonra Vətən müharibəsi əlilləri Hüseyn İsmayılov və Nahid Hacıyev çıxış edərək döyüş meydanlarında yaşadıqları hadisələrdən, Azərbaycan əsgərinin döyüş əzmi və Vətənə bağlılığından bəhs ediblər. Qazilər müharibə ilə bağlı xatirələrini məktəblilərlə bölüşüb, tarixi Qələbənin əldə olunmasında birlik, həmrəylik və vətənpərvərlik hissinin əhəmiyyətini diqqətə çatdırıblar.
Şagirdlərin suallarını cavablandıran müharibə iştirakçıları gəncləri Vətənə sədaqətli olmağa, milli-mənəvi dəyərlərimizi qorumağa və ölkəmizin gələcəyi naminə məsuliyyətli vətəndaş kimi yetişməyə çağırıblar.
Sonda xatirə şəkili çəkilib.






