Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qürur və təntənə ilə qeyd olunub

03 oktyabr 2025 | 18:24

Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayonun təhsil müəssisələrinin müəllimiləri, Şəhid ailə üzvü və Müharibənin iştirakçıları olan müəllimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təhsil işçilərini təbrik edərək, onlara xoş arzularını çatdırıb, çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzulayıb. Bildirib ki, bu bayramı müstəqil Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin sərəncamından sonra qeyd olunur. Ümummilli Liderimiz həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Həmçinin işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin tikintisi və təmiri davam edir. Beşinci ildir ki, Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq bayram edir. Təhsil sahəsində əldə olunmuş uğurlar Prezident İlham Əliyevin, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə hərtərəfli qayğısının nəticəsidir. Bu qayğının timsalı olaraq təkcə son bir neçə illər ərzində rayonumuzda 4 yeni məktəb binası tikilmiş, 4 məktəb binası əsaslı təmir olunmuş, 7 modul tipli məktəb quraşdırılıb istifadəyə verilmişdir. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.

Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Y. Sadıqov adına Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elmira Mürşüdlü, Qaradaş kənd ümumi orta ümumtəhsil məktəbin direktoru İntiqam Qurbanov, İ.Mürşüdov adına Aşağı Quşçu kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi, respublikanın əməkdar müəllimi Ulduzə Alıyeva, Məstan Novruzov adına Çeşməli kənd tam orta ümumtəhsil məktəbinin  müəllimi Nuranə İsmayılova, və Düz Qırıqlı kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Səadət Abbasova çıxış edərək xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğu, yaradılan geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli və savadlı gənclər yetişdirəcəklərini, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə Tovuz rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və gül buketləri təqdim olunub.

Tədbir rayonun incəsənət işçilərinin konsert proqramı ilə davam edib.

 

 

 

 

 

 

Keçidlər