Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib

05 oktyabr 2024 | 15:54

Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə  tədbir keçirilib.

Təhsil işçiləri Ulu Öndər Heydər Əliyevin Tovuz şəhərinin mərkəzi meydanında  ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov əlamətdar gün münasibəti ilə təhsil işçilərini təbrik edərək, onlara xoş arzularını çatdırıb, çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzulayıb.

RİH başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğı bu gün uğurla davam etdirilir. Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Təhsil sahəsində əldə olunmuş uğurlar Prezident İlham Əliyevin, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə hərtərəfli qayğısının nəticəsidir.

M.Məmmədov bildirib ki, müəllimlərin seçilməsi, işlə təmin edilməsi, daha qabaqcıl, daha istedadlı və savadlı müəllimlərin önə çəkilməsi, qiymətləndirilməsi sahəsində böyük işlər görülür. Həyata keçirilən bu tədbirlər təhsilin səviyyəsinin yüksəldilməsinə də öz təsirini göstərməkdədir. 2023-2024-cü tədris ilində rayonun təhsil sistemində qazanılan bir sıra uğurlar diqqətə layiqdir. Xüsusilə Tovuz şəhər N.Tusi adına təbiət və texniki təmayüllü məktəb-liseyin iki sinfinin 33 nəfər məzununun hamısının, eləcə də M.Ələkbərov adına tam orta məktəbin XI a sinfini bitirmiş 17 məzundan 15 nəfərinin ali məktəblərə, 2 nəfərinin isə orta ixtisas məktəblərinə daxil olmaları məmnunluq doğurur. Fərəhləndirici haldır ki, rayon məktəblərinin məzunlarından 21 nəfəri yeni yaradılmış Qarabağ universitetinin tələbəsi statusuna yiyələniblər.

Tədbirdə E.Tağıyev adına Cəlilli kənd tam orta məktəbin təqaüdçü müəllimi Rəhilə İsmayılova,  Tovuz şəhər M.Ələkbərov adına liseyin direktoru Sadıq Rəhimov, Z.Yusifov adına Bayramlı kənd tam orta məktəbin müəllimi Səhər İmamverdiyeva, İsakənd kənd tam orta məktəbin müəllimi Eyvaz Süleymanov, Tovuz şəhəri N.Tusi adına liseyin müəllimi Aysel Əsgərova və E.Bayramov adına Əyyublu kənd tam orta məktəbin təqaüddə olan müəllimi Abbas Abbasov çıxış edərək xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğu, yaradılan geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli və savadlı gənclər yetişdirəcəklərini, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə Tovuz rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyələr təqdim olunub.

Tədbir rayonun incəsənət ustalarının iştirakı ilə konsert proqramı ilə davam edib.

Keçidlər