Tovuzda “5 mart – Bədən tərbiyəsi və idman günü” münasibətilə tədbir keçirilib
5 mart – Bədən tərbiyəsi və idman günü münasibətilə Heydər Əliyev Mərkəzində rayonun idman ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb ehtiramlarını bildiriblər. Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan olunub.
Giriş sözü ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova iştirakçıları əlamətdar gün münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışdır. Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsini dövlətin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğısının daha bir bariz nümunəsi olduğunu bildirmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə idman sahəsində görülən işlərdən bəhs edərək, bütün regionlarda olduğu kimi Tovuz rayonunda da idmanın inkişafı istiqamətində əməli tədbirlərin görüldüyünü vurğulayıb.
Daha sonra çıxış edənlər Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev, Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Leyla Hüseynova və İmran Bayramov adına Aşağı Quşçu kənd tam orta məktəbinin fiziki-tərbiyə müəllimi Azər Məmmədov 2023-cü il ərzində rayon idmançılarımızın zona, respublika və beynalxalq yarışlarda qazandıqları uğurları qeyd edərək bu sahədəki mühüm nəticələri diqqətə çatdırmış və qarşıda duran vəzifələrdən bəhs ediblər.
Sonda idmanda əldə etdiyi uğurlara görə bir qrup idmançı və məşqçi-müəllimə Tovuz Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin fəxri-fərmanları təqdim olunub və xatirə şəkli çəkdirilib.