Tovuzda “31 mart Azərbaycanlıların Soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib
31 mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “31 mart Azərbaycanlıların Soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans 31 mart 1918-ci ildə baş vermiş soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edildikdən sonra açıq elan olunub.
Giriş sözü ilə çıxış edən RİH başçısı Məmməd Məmmədov soyqırımın ağır nəticələrini qeyd etmiş, dünya ictimaiyyətinin bu barədə məlumatlandırılmasında Ulu Öndər Heydər Əliyevin xüsusi rolu olduğunu vurğulamışdır.
RİH başçısının birinci müavini Rəşad Zeynalov “31 mart Azərbaycanlıların Soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda məruzə, RİHB-nin Əyyublu kənd İƏD üzrə nümayəndəsi Məhərrəm Qasımov “XX əsrdə Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti”, Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova “31 mart soyqırımı insanlığa sığmayan cinayətdir”, N.Tusi adına məktəb-liseyin müəllimi Hikmət Quliyev “Böyük Ermənistan xülyası və 31 mart soyqırımı” mövzularında çıxış etmişlər.
Elmi-praktiki konfransı RİH başçısı Məmməd Məmmədov yekunlaşdıraraq 31 mart qanlı hadisələrinə yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə düzgün siyasi qiymət verildiyini, məhz onun imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildiyini və hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunduğunu bildirmişdir.