Tovuzda 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar “Tarixin izi ilə” mövzusunda elmi-praktiki konfrans keçirilib
31 mart 2026 | 16:18
Tovuzda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Heydər Əliyev Mərkəzində elmi-praktiki konfrans keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz Rayon Təşkilatının sədri Nihad Pənahov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans 31 mart 1918-ci ildə baş vermiş soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub.
Giriş sözü ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov soyqırımın ağır nəticələrini qeyd edərək bildirib ki, 31 mart qanlı hadisələrinə yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə düzgün siyasi qiymət verilib.
Vurğulanıb ki, məhz Ümummilli Liderin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan olunub və hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir.
Daha sonra rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Tofiq Əliyev məruzə ilə, YAP Tovuz Rayon Təşkilatının sədr müavini İlqar Kərimov, Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Günel Qasımov, Hacıhəsənli kənd Y.Əliyev adına tam orta ümumtəhsil məktəbinin direktor müavini Elçin Rzayev və RİH başçısının Yanıqlı kənd İƏD üzrə nümayəndəsi Yaqub Qasımov çıxış edərək bildiriblər ki, 1918-ci ilin mart hadisələri Azərbaycan xalqına qarşı həyata keçirilmiş məqsədyönlü soyqırımı siyasətinin ən faciəli səhifələrindən biridir. Qeyd olunub ki, bu hadisələrin tarixi-siyasi mahiyyətinin araşdırılması, faktların elmi əsaslarla öyrənilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması xüsusi əhəmiyyət kəsb edir.
Çıxışlardan sonra rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov yekun nitqi ilə çıxış edərək konfransda səsləndirilən fikirləri ümumiləşdirib, bu cür elmi-praktiki tədbirlərin keçirilməsinin tarixi yaddaşın qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli həqiqətlərin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Sonda 31 Mart – Azərbaycanlıların Soyqırımı hadisələrindən bəhs edən videoçarx nümayiş etdirilib.






