Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 27 sentyabr Anım Günü tədbiri keçirilib.

27 sentyabr 2022 | 14:21

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Bununla bağlı Tovuz şəhər Şəhidlər Xiyabanında Anım Günü ilə əlaqədar tədbir təşkil olunmuşdur. Tədbirdə rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov şəhidlərimizin əziz xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etdikdən sonra Rəşadətli Ordumuzun keçdiyi döyüş yolundan, Müzəffər Ali Baş Komandanımızın müharibə zamanı göstərdiyi qətiyyətdən söz açmışdır.

Daha sonra şəhid Münasib Yusifovun atası Mübariz Yusifov, şəhid Ceyhun İsmayılovun anası Aytəkin İsmayılova,  şəhid Vasif Heydərovun həyat yoldaşı Qəmər Heydərova, şəhid Firuz Əhmədovun atası Məzahir Əhmədov, Vətən müharibəsi qazisi Nahid Hacıyev çıxış edərək şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya tovuzlular adından öz təşəkkürlərini bildirmişlər.

Bütün şəhidlərimizin ruhuna dualar oxunduqdan sonra şəhidlərimizin xatirəsinə inşa olunmuş abidə kompleksinin, əbədi məşəl abidəsinin və burada ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları önünə gül dəstələri qoyularaq əziz xatirələri böyük ehtiramla yad edilmişdir.

Gün ərzində rayonun idarə və müəssisələrinin kollektivləri, ictimaiyyət nümayəndələri, rayon sakinləri də Şəhidlər Xiyabanına gələrək şəhidlərimizi anmışlar.

Saat 12:00-da rayon ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 

 

 

 

 

 

Keçidlər