Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda  “27 sentyabr  Anım Günü” qeyd edilib

27 sentyabr 2024 | 16:07

 

Tovuz şəhər Şəhidlər Xiyabanında “27 sentyabr Anım Günü” ilə əlaqədar    tədbir təşkil edilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, hərbiçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov şəhidlərimizin əziz xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etmişdir.  RİH başçısı qeyd etmişdir ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər isə qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, bütövlükdə xalqımız əzm və iradə göstərmiş, bir yumruq kimi Müzəffər Ali Baş Komandanımızın ətrafında birləşərək böyük Zəfərə nail olmuşlar.

Sonra Vətən müharibəsi şəhidi Elmar Şirinovun anası Amana Nəsirova, antiterror tədbirlər zamanı şəhid olmuş Niftalı Orucovun atası Qəfər Orucov və Vətən müharibəsi veteranı baş leytenant Hüseyn İsmayılov çıxış edərək şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişlər.

Bütün şəhidlərimizin ruhuna dualar oxunduqdan sonra şəhidlərimizin xatirəsinə inşa olunmuş abidə kompleksinin, əbədi məşəl abidəsinin və burada ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları önünə gül dəstələri qoyularaq əziz xatirələri böyük ehtiramla yad edilmişdir.

Saat 12:00-da rayon ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 

 

 

 

 

 

 

 

Keçidlər