Tovuzda 27 Sentyabr “Anım Günü” münasibətilə Vətən uğrunda can verən qəhrəmanların məzarlarının ziyarəti bu gündə davam edib
Vətənə sonsuz sədaqətin və fədakarlığın rəmzi olan şəhidlərimizin müqəddəs xatirəsi Tovuzda dərin ehtiramla yad edilib. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri ilə birgə Tovuz şəhəri, Cəlilli, Düz Cırdaxan və Bozalqanlı kəndlərində yerləşən şəhid məzarlarını ziyarət ediblər.
Ziyarət zamanı şəhidlərin uyuduğu məzarlar üzərinə tər güllər düzülüb, ruhlarına dualar oxunub, onların qəhrəmanlığı və əbədiyaşar xatirələri qarşısında dərin hörmət və minnətdarlıq ifadə olunub. Bu ziyarət bir daha sübut etdi ki, xalqımız öz igid oğullarını heç zaman unutmur və onların əziz xatirəsi daim uca tutulur.
Sonra şəhid ailələrinin üzvləri ilə səmimi görüşlər keçirilib, onların qayğı və müraciətləri dinlənilib. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirib ki, bu torpaqlar uğrunda canını fəda etmiş igid oğullarımızın hər biri bu xalqın qürur tarixini yazıb. Onların ruhu qarşısında baş əyirik. Şəhidlərimizin ailələri bizə əmanətdir – onların hər bir arzusu, hər bir qayğısı bizim üçün vacib və önəmlidir. Dövlətimizin başçısının rəhbərliyi ilə bu müqəddəs yolda xidmət göstərmək bizim həm borcumuz, həm də şərəfimizdir.
Görüşün sonunda şəhid ailələri Vətən uğrunda canından keçən qəhrəmanların adının daim yaşadılmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürlərini ifadə ediblər.






