Tovuzda “27 Sentyabr – Anım Günü” ilə əlaqədar tədbir keçirilib
Tovuz Gənclər Evində “27 Sentyabr – Anım Günü” ilə əlaqədar “Vətən uğrunda canından keçənlər daim qəlbimizdədir” mövzusunda tədbir keçirilib.
Tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Tovuz Rayon Icra Hakimiyyətinin məsul işçisi Tofiq Əliyev bildirib ki, 27 Sentyabr – Anım Günü Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının və Ordusunun böyük qəhrəmanlıq salnaməsinə çevrilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan torpaqlarımızı azad edərək tarixi Zəfər qazanıb. Qeyd edib ki, bu şanlı Zəfərin əldə olunmasında Tovuzun igid oğullarının da böyük payı olub. Vətən müharibəsi zamanı Tovuz rayonundan çox saylı vətən oğulları səfərbərliklə döyüşlərə qatılıb, 68 nəfər Vətən övladı qəhrəmancasına şəhid olub, yüzlərlə hərbi qulluqçumuz yaralanıb. Tovuzun iki igid oğlu – ölümündən sonra Cabbarov Orxan Rövşən oğlu və Əhmədov Yaşar Mirağa oğlu “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Tovuzlular 2022-ci ilin sentyabr döyüşlərində və 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirlərində də Vətənə sədaqət və qəhrəmanlıq nümunəsi göstəriblər. 2022-ci ilin sentyabr döyüşlərində 4, 2023-cü ildə keçirilən antiterror tədbirləri zamanı isə 8 nəfər Tovuz sakini şəhid olub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin müdiri Qüdrət Əliyev, Tovuz rayon üzrə gənclər və idman sektorunun müdiri Vasif Abdullayev və Tovuz Dövlət Sosial-İqtisad Kollecinin tarix müəllimi Aysel Qasımova çıxış edərək bildiriblər ki, 27 Sentyabr – Anım Günü şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, onların Vətən qarşısındakı misilsiz xidmətlərinin ehtiramla xatırlanması baxımından xüsusi əhəmiyyət daşıyır. Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, Azərbaycan Ordusunun qəhrəmanlığından, şəhidlərimizin şərəfli döyüş yolundan söz açılıb, onların həyat və mübarizəsinin gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğu vurğulanıb.
Tədbir zamanı 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyəti, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu və onların Vətən qarşısındakı misilsiz xidmətləri barədə geniş fikir mübadiləsi aparılıb.






