Tovuzda “27 Sentyabr – Anım Günü” ilə əlaqədar olaraq şəhid məzarları ziyarət olunub
“27 Sentyabr-Anım Günü” münasibətilə Tovuz rayonunda qəhrəmanlarımızın əziz xatirəsinə ehtiram əlaməti olaraq ziyarətlər davam edir. Vətən sevgisi və fədakarlığın simvoluna çevrilmiş şəhidlərimizin ruhu bu gün də dərin hörmətlə yad olunub.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri ilə birgə Azaflı, Bayramlı, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində yerləşən şəhid məzarlarını ziyarət ediblər. Məzarların üstünə gül dəstələri düzülüb, şəhidlərin ruhuna dualar oxunub. Onların göstərdiyi qəhrəmanlıq və Vətənə sədaqət yüksək qiymətləndirilib, əbədi xatirələri dərin minnətdarlıqla yad edilib.
Bu ziyarət, xalqımızın öz igid övladlarına hər zaman böyük dəyər verdiyini və onların xatirəsini daim yaşatdığını bir daha nümayiş etdirdi.
Daha sonra şəhid ailələri və müharibə əlilləri ilə səmimi söhbətlər aparılıb, onların fikir və müraciətləri dinlənilib. RİH başçısı Məmməd Məmmədov qeyd edib ki, bu torpaqlar uğrunda canından keçən hər bir şəhid xalqımızın iftixarıdır. Onların xatirəsi hər zaman əziz tutulur, ailələri isə dövlətimizin və cəmiyyətimizin diqqət mərkəzindədir. “Şəhid ailələrinin rifahı üçün göstərilən hər bir xidmət bizim mənəvi borcumuzdur”, – deyə icra başçısı vurğulayıb.
Görüşün sonunda şəhid ailələri göstərilən diqqət və şəhidlərin adlarının yaşadılmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.






