Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 26 iyun – Azərbaycan Silahlı Qüvvələri günü ilə əlaqədar tədbir keçirilib

26 iyun 2024 | 12:55

Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106-cı ildönümü və 26 iyun – Azərbaycan Silahlı Qüvvələri günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hərbi komandirlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Silahlı Qüvvələrin yaradılmasında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov hərbi hissənin şəxsi heyətini bayram münasibətilə təbrik edib. Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin yaranması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Azərbaycan Milli Ordusunun formalaşma prosesi daha da sürətləndi, nizami ordu yaradıldı. Ulu Öndərin açdığı yolda inamlı addımlarla irəliləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev ordumuzun bütün istiqamətlərdə uğurla inkişafını təmin edir. 2020-ci ildə bütün dünya ictimaiyyəti ölkədə aparılan mükəmməl ordu quruculuğu və döyüş hazırlığı prosesini məntiqi nəticələrinin şahidi oldu. 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, Şanlı Ordumuzun şücaəti, xalqımızın dəstəyi ilə qazanılan böyük qələbə Silahlı Qüvvələrimizin gücünü bir daha bütün dünyaya göstərdi.

Sonra hərbi hissənin komandiri polkovnik İlqar Xasməmmədov çıxış edərək ölkədə aparılan mükəmməl ordu quruculuğunun və bu sayədə qazanılan böyük Zəfərin əhəmiyyətindən danışmış, Silahlı Qüvvələrimizə göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə təşəkkürlərini ifadə etmişdir.

Xidmətdə fərqlənən hərbi hissənin əsgərlərinin bir qrupuna rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olunub.

Tədbir rayonunun mədəniyyət və incəsənət işçilərinin konsert proqramı ilə davam edib.

Keçidlər