Tovuzda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib
Tovuzda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda şəhərsalma və memarlığın inkişafı və müasir dövrdə qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib.
Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirib ki, şəhərsalma və memarlıq sahəsi dövlətimizin inkişaf siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi bu sahəyə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. RİH başçısı vurğulayıb ki, bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Onun rəhbərliyi dövründə şəhərlərin planlı inkişafı, yaşayış massivlərinin salınması, sosial və inzibati obyektlərin tikintisi istiqamətində mühüm işlər görülüb, şəhərsalma dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu gün həmin strateji xətt uğurla davam etdirilir, ölkəmizdə, eləcə də Tovuz rayonunda abadlıq-quruculuq işləri, yolların yenidən qurulması, sosial obyektlərin inşası və yaşayış məntəqələrinin müasirləşdirilməsi istiqamətində ardıcıl layihələr həyata keçirilir.
Daha sonra RİHB-nın Qovlar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Oruc Binnətov, Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin müdiri Nəsrəddin Aslanov, 26 saylı Yol İstismar İdarəsinin istehsalat üzrə mühəndisi Paşa Müzəffərli, Mahir Ələkbərov adına fizika-riyaziyyat və informatika təmayüllü liseyin tarix müəllimi Kəmalə Həsənova və rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvü Mücaməddin Axundov çıxış edərək bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində Azərbaycanda şəhərsalma və memarlıq sahəsində mühüm nailiyyətlər əldə olunub. Çıxışlarda milli memarlıq ənənələrinin qorunması, müasir şəhərsalma prinsiplərinin tətbiqi və regionların davamlı inkişafının təmin edilməsinin əhəmiyyəti qeyd olunub.
Yekun söz ilə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirib ki, bugünkü müzakirələr Azərbaycanda şəhərsalma və memarlıq sahəsində qazanılan uğurların əsasında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının dayandığını bir daha nümayiş etdirir. Ulu Öndərin rəhbərliyi dövründə ölkəmizdə genişmiqyaslı quruculuq işləri həyata keçirilib, şəhərlərin planlı inkişafına xüsusi diqqət yetirilib, Bakı şəhərinin Baş planı yenilənib, yeni yaşayış massivləri və mühüm infrastruktur layihələri reallaşdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə müasir şəhərsalma prinsiplərinə əsaslanan genişmiqyaslı layihələr uğurla icra olunur, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işləri Azərbaycanın quruculuq potensialını nümayiş etdirir. RİH başçısı vurğulayıb ki, qarşıda duran əsas vəzifələrdən biri şəhərsalma və memarlıq sahəsində müasir yanaşmaların tətbiqi, dayanıqlı yaşayış mühitinin formalaşdırılması, milli memarlıq ənənələrinin qorunaraq gələcək nəsillərə çatdırılmasıdır. Qeyd edilib ki, Tovuz rayonunda da abadlıq-quruculuq işlərinin genişləndirilməsi, yaşayış məntəqələrinin müasir tələblərə uyğun inkişafı və sosial infrastrukturun yenilənməsi istiqamətində işlər davam etdirilir.
Sonda “Heydər Əliyevin müasir Azərbaycan memarlığına töhfələri” mövzusunda videoçarx nümayiş etdirilib.






