Tovuzda “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin inzibati binasında “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Əvvəlcə Tovuz şəhərinin mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra dəyirmi masa açıq elan olunub.
Tədbirdə giriş sözü çıxış edən RİH başçısı Məmməd Məmmədov tariximizin ən ağrılı və qanlı hadisələrindən biri olan Qanlı Yanvar zamanı Azərbaycan xalqının qəhrəmanlıq nümayiş etdirdiyini, hücuma keçən sovet ordusunun qarşısına silahsız və əliyalın çıxdığını vurğulamışdır. Böyük siyasətçi, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti və bu faciəyə verdiyi hüquqi-siyasi qiymət tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra Tovuz rayon prokuroru Maarif Hüseynovun “Heydər Əliyev və 20 Yanvar faciəsinə ilk dəfə hüquqi qiymətin verilməsi”, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahovun “20 Yanvar faciəsi və Heydər Əliyev, faciənin siyasi nəticələri”, Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanovanın “20 Yanvar faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu” və Tovuz Peşə Liseyinin direktoru Nicat Göyüşovun “20 Yanvar faciəsinin Azərbaycan tarixindəki yeri və müstəqillik yolundakı əhəmiyyəti” mövzusunda çıxışları dinlənilib.